Bizi sosial şəbəkələrdən izləyin:
Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştirak etmədə təqsirləndirilən Aslan Həsənovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Aslan Həsənov 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İttihama görə, Aslan Həsənov ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə xarici ölkə ərazisində yaradılmış cinayətkar birliyin üzvü olaraq həmin cinayətkar birliyin dayanıqlı fəaliyyətinin təmin edilməsində və fəaliyyətində iştirak edib, o cümlədən bu birliyin rəhbərlərinin tapşırığı əsasında terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törədib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 218.2 (cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham edilib.