Kriminal
352
13:14, Bu gün

"Zevs"in qardaşının qurbanları DANIŞDI: “50 min manat qoymuşdum”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə "Farmaniya.com" dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
 
Şahid Q. E. təqsirləndirilən şəxsi tanımadığını bildirib:
 
"Mən sadəcə saytda göstərilən nömrəyə daxil olub oyuna qoşulmuşam. On manat qoymuşdum qazanmaq niyyəti ilə, amma onu da uduzdum".
 
Şahid Hüseynov Həsən təqsirləndirilən şəxsi "tik-tok"dan tanıdığını deyib:
 
"Hüseynin qardaşını tanıyırdım, özü ilə şəxsi tanışlığım yoxdur. Oyuna qoyduğum məbləği tam olaraq xatırlamıram. Ümumilikdə 41795 min manat yatırım etmişəm".
 
Şahid Camalov Rəvan  şəxsi nömrəsi ilə oyuna qoşulduğunu bildirib:
 
"İnstagramdan tapmışdım səhifəni. Tam olaraq xatırlamıram, amma 200 manata yaxın yatırımım olub".
 
Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün prosesi  7 yanvar saat 10:00-a təyin edib.
 
Xatırladaq ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən "Farmaniya.com" platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.
 
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək "Farmaniya.com" saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.
 
Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.
 
H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib", - deyə məlumatda qeyd olunub.
 
Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.
 
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
 
Hüseyn Quliyev "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır. /Lent.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər