Goranboyda qardaş hamilə bacısını öldürmək istədi – TƏFƏRRÜAT
Kriminal
80
14:59, Bu gün

Goranboyda qardaş hamilə bacısını öldürmək istədi – TƏFƏRRÜAT

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman qısqanclıq zəminində 1987-ci il təvəllüdlü bacısı Almazı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, o, bacısının kənddə Telmanla münasibətdə olduğunu və hamilə qaldığını öyrənib.
 
Bu il mayın 31-də gecəyarısı işlədiyi Ağdam rayonundan Goranboyun kəndinə, Almazın yaşadığı evə gəlib, həyətdən evi müşahidə edib. Səhər saatlarınadək ağaclıqda gözləyib, anası İlhamənin və Almazın uşaqlarının evdən çıxdığını gördükdə bacısının evdə tək qaldığına əmin olub.
 
Saat 6 radələrində Fərman evə daxil olub, dəhlizdəki dolabdan bıçaq götürüb. Sonra bacısının yatdığı otağa girib, hamilə olduğunu bildiyi halda bıçaqla ona bir zərbə endirib.
 
Ancaq bıçağın daxilə nüfuz etmədiyini görüb, Almazın yalvarışlarına məhəl qoymadan onun saçından tutaraq boğaz nahiyəsinə iki ardıcıl zərbə endirib.
 
Daha sonra qadının öldüyünü zənn edərək həyətə çıxıb. Bu vaxt Almazın həyətə çıxaraq qaçdığını görüb. Bacısını arxadan tutaraq yerə yıxıb, boynunu sındırmaq məqsədilə əlləri ilə burub.
 
Almazın yerə yıxılaraq xırıltı səsləri çıxardığını gördükdə onun öldüyünü zənn edib. Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib və bacısını öldürdüyünü bildirib. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının müraciəti əsasında Almaz vaxtında tibb müəssisəsinə çatdırılıb və həyatı xilas edilib.
 
İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisədən əvvəlki günlərdə işi ilə bağlı Ağdam rayonunda olub: “Həmin vaxt bacımın pis yola düşdüyünü eşitdim. Goranboy rayonuna gəldim və bacımın başını kəsməyə cəhd etdim. Lakin onu öldürmək niyyətim olmayıb”.
 
İş üzrə həm zərərçəkənin, həm də təqsirləndirilən şəxsin anası şahid qismində ifadə verib. O bildirib ki, qızı Almaz qonşusu Telmandan gizli hamilə qalıb: “Mən bunu biləndə Almaz 6 aylıq hamilə idi. Ondan soruşdum ki, niyə vaxtında deməmisən? Bəs sən bilmədin ki, 5 qardaş bacısısan, səni öldürərlər? Bundan sonra bazara getdim. Evə qayıdanda hadisədən xəbər tutdum”.
 
Məhkəmə sənədlərindən məlum olub ki, Almaz bu hadisədən sonra bətnində olan uşağını itirib. Ölü doğulmuş 26 həftəlik kişi cinsli meyitin məhkəmə-tibbi müayinəsi keçirilib. Dölün ölümünə səbəb bətndaxili asfiksiya olub, asfiksiyanın travmadan baş verməsi istisna edilməyib.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fərman 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 
Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. O, məhkumun əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini və məhkuma həmin maddə ilə minimum həddə cəza təyin edilməsini xahiş edib.
 
Şikayət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs zərərçəkmişi sadəcə cəzalandırmaq istəyib. Müdafiəçinin bildirdiyinə görə, hazırda bacı-qardaş barışıblar, zərərçəkmiş şəxs şikayətini geri götürüb.
 
Təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunduğunu vurğulayan vəkil onun 2-ci Qarabağ Müharibəsində iştirak etdiyini, anasının bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyini də diqqətə çatdırıb.
 
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Vəkilin verdiyi şikayət qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
 
Təqsirləndirilən şəxsin cəzası 11 il 3 aya endirilib.
Link kopyalandı!
Son xəbərlər