Bizi sosial şəbəkələrdən izləyin:
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 17 yaşlı Nail Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Məmmədli bir il azadlıqdan məhrum edilib. O, cəzasını tərbiyə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış massivində baş verib. Hadisəyə səbəb isə zərərçəkənlə müttəhimin "TikTok" sosial şəbəkəsində mübahisəsidir.
Belə ki, qəsəbə sakini Həsən adlı şəxs "TikTok"da canlı yayım açıb və bu vaxt Nailin bacısı da ora qoşulub. Həmin vaxt Nail də "TikTok"da olub və Həsənin canlı yayımında bacısını görüb. O, bacısından Həsənin kimliyini soruşub. Bacısı isə onu şəxsən tanımadığını bildirib.
Məlum olub ki, Həsən Nailin bacısına şəxsidə də yazıb. O, dərhal Həsənin nömrəsini taparaq ona zəng edib və görüşmək istədiyini deyib. Həsən isə onu görüşmək üçün yaşadığı məhəlləyə çağırıb. Nail evdən bıçaq götürərək Həsənin yaşadığı ünvana gedib. O, öncə zərərəçəkənin qardaşını görüb və ondan Həsəni soruşub. Qardaşı evlərini Nailə göstərib. Nail həmin ünvana gələrək Həsəni küçəyə çağırıb. Küçədə söhbət zamanı onların arasında mübahisə yaranıb və Nail Həsənə əlindəki bıçaqla iki zərbə endirib, hadisə yerindən qaçıb.
Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Məmmədli saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.