Ərinin başqasıyla görüntülü danışdığını görən qadın evdən getdi, qanlı cinayət baş verdi – TƏFƏRRÜAT
Kriminal
114
14:45, Bu gün

Ərinin başqasıyla görüntülü danışdığını görən qadın evdən getdi, qanlı cinayət baş verdi – TƏFƏRRÜAT

Tovuz rayonunda 1999-cu il təvəllüdlü Muxtar ailə münaqişəsi zəminində mübahisə zamanı qayınatası Səlimi (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə 2023-cü il dekabrın 22-də rayonun kəndlərindən birində baş verib.
 
Muxtarın qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı İlhamə onun sosial şəbəkə vasitəsilə tanış olduğu qadınla ünsiyyət saxlamasından xəbərdar olub.
 
Bu səbəbdən o, əri ilə mübahisə edib, həmin gün də azyaşlı qızı ilə birlikdə atasının digər kənddəki evinə gedib.
 
Muxtar dekabrın 22-də saat 18 radələrində spirtli içki qəbul edib, azyaşlı övladını görmək üçün qayınatasının evinə gedib. Sərxoş olduğuna görə ona qızını görməyə imkan verilməyib. Mübahisə zamanı qayınatası Səlim onu və mərhum anasını nalayiq ifadələrlə söyməsini özünə qəbulolunmaz təhqir hesab edib.
 
Evin mətbəxindən götürdüyü bıçaqla qayınatasına çoxsaylı zərbələr vurub. Ümumilikdə səkkiz bıçaq xəsarəti alan Səlimə vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
“Arvadım videogörüntülü danışdığımı gördü”
 
İş üzrə ifadə verən Muxtar özünü Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.
 
O, ifadəsində Tovuz rayonundakı bazarda işlədiyini deyib: “2023-cü il dekabrın 17-də içkili vəziyyətdə evə gəldim. Axşam “İnstagram” sosial şəbəkəsində tanış olduğum xanımla videogörüntülü danışdığım vaxt yoldaşım İlhamə otağa girdi, danışığımızı görüb donuq vəziyyətdə otağı tərk etdi.
 
Həyətə çıxıb bibimdən İlhamənin harada olduğunu soruşdum, atasıgilə getdiyini dedi”.
 
“Qardaşım “getmə, əlində balta var” dedi”
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 18-də içkili vəziyyətdə qayınatası Səlimə zəng edib: “Qayınatama “səhv etmişəm, ailəmi geri istəyirəm, uşaqlarım üçün darıxmışam, gəlib ailəmi götürəcəm” dedim.
 
Saat 16:00-da evə gəldikdə bibimdən yemək verməsini istədim. Yenə spirtli içki içdim, uşağım yadıma düşdü. Qayınatamgilin yaşadığı ünvana getdim. Çatanda atam zəng edərək harada olduğumu soruşdu. Qaynatamgilə uşaqları görməyə gəldiyini dedim. Atam “qayıt, evə gəl” dedi. Mən də uşaqlarımı görüb qayıdacağımı dedim.
 
Qapını döysəm də, heç kəs açmadı. İçkili vəziyyətdə olduğum üçün dayana bilmədim, giriş taxta qapını təpiklə vuraraq sındırdım. Qayınatamla üzbəüz gələrək sinəsindən tutdum, divara sıxdım. Qayınanamla yoldaşım İlhamə çıxaraq bizi araladılar.
 
Qayınatam arxa tərəfə qaçanda arxası ilə getmək istədim. Amma qardaşım məni saxlayaraq “getmə, əlində balta var” dedi.
 
İçkili vəziyyətdə olsam da, özümü idarə etdim. Qayınatamı qucaqlayaraq yerə yıxdım. Məqsədim əlindəki baltanı almaq idi. Qardaşı məni götürərək evə gətirdi”.
 
“Qayınatam məni hədələdi”
 
Muxtarın ifadəsinə görə, hadisə günü dekabrın 22-də yenə evdə içki içib: “İçdiyimi görən bibim dedi ki, qayınatangilə getmə, bayrama qədər ailəni gətirəcəyik. Amma ona qulaq asmadım. Qayınanam məni qarşıladı, dedi, içkilisən, get sonra gələrsən. Mən isə uşaqlarımı öpəcəyimi, heç bir problem yaratmadan qayıcağımı bildirdim.
 
Qayınatam qapının yanında dayanmışdı, mənə nalayiq ifadələr işlətdi. Ona da problem yaratmyacağımı, uşaqları görüb gedəcəyimi bildirdim. Üst geyimimi çıxararaq rahat şəkildə divanda oturdum. Qayınatam məni polisi çağıracağı ilə hədələdi.
 
Dedim, heç kəsdən qorxub çəkinmirəm, əgər uşağımı görmək cinayətdirsə, həbsdə də yataram. Qapı aralı olduğu üçün baxanda qayınatamın əlində bıçaq gördüm. Mən də mətbəxə qaçıb bıçaq götürdüm və sonra geri qayıtdım.
 
Qayınatam qapını örtməyə çalışanda ayağımla mane oldum. Onun üzərinə gedəndə mənə tərəf bıçaq atdı. Arxaya çəkildiyim üçün mənə dəymədi. Qarşılıq verərək bıçağı ona tərəf uzadanda bıçaq qayınatamın arxadan boyun və çiyninə dəydi.
 
Qayınatam yenidən bıçağı mənə tərəf atanda baş nahiyəmə dəydi, ayağım büdrədi. Yenidən qalxaraq qayınatama tərəf gələndə o, artıq özündə deyildi. Bihuş vəziyyətdə yerə yıxıldı, nalayiq ifadələr işlətməyə başladı. Bıçaqla ona 5-6 dəfə müxtəlif bədən xəsarətləri yetirdim.
 
Münaqişə qayınatamgilin qonşusu Əli gələnə qədər davam etdi. Əli gələrək bizi araladı”.
 
Cəza bəlli oldu
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Muxtar 14 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasını ciddi rejimli müəssisədə çəkməsi müəyyən edilib.
 
Birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmünün ləğv edilməsini, müvəkkilinin əməlinin Cinayət Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməklə barəsində aşağı həddə cəza verilməsini xahiş edib.
 
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib və Muxtarın cəzası 11 il 3 aya endirilib.
 
Bu qərardan Muxtarın vəkili yenə də narazı qalıb və Ali Məhkəməyə kasasiya şikayəti verib.
 
Şikayət bu günlərdə daha yuxarı instansiya məhkəməsinə daxil olub və iş araşdırılması üçün hakim icraatına verilib. Kasasiya şikayətinə 2026-cı ilin yanvarın 21-nə təyin edilib.
 
Link kopyalandı!
Son xəbərlər