Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən Rzayevin 14 il azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, Elşən Rzayev 13 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilənin məhkəmədəki ifadəsindən məlum olub ki, tərəflər arasındakı mübahisəyə səbəb Elşən Rzayeva məxsus avtomobili Bəyiş Quliyev idarə edilərkən cərimə olunması olub. Bundan bir neçə gün sonra dostlar görüşüb aralarında yaranan mübahisəni həll etməyə çalışsalar da, bu, mümkün olmayıb. Təqsirləndirilənin dediyinə görə, qarşı tərəf söyüş söydüyündən ona iki bıçaq zərbəsi vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub.
Onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Elşən Rzayev əvvəllər də məhkumluq həyatı yaşayıb.