Nazim İbrahimovun qardaşına hökm oxundu
Kriminal
137
14:36, Bu gün

Nazim İbrahimovun qardaşına hökm oxundu

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı növbəti məhkəmə prosesi keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilib. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışı zamanı Tağı İbrahimovun vergi borcunu ödədiyi üçün 213.3-cü məddəyə xitam verilməsini, ittihamdakı digər maddələr ilə hər iki təqsirləndirilənə - Tağı İbrahimova və Toğrul Rzayevə 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
 
Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
 
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
 
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Onu da qeyd edək ki, Tağı İbrahimov əvvəllər ATV-nin prezidenti olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər