Şərurlu İsfəndiyarin işində ziddiyyətli ifadələr:
Kriminal
237
12:01, Bu gün

Şərurlu İsfəndiyarin işində ziddiyyətli ifadələr: "Hakimdən narazıyam" - MƏHKƏMƏ

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında veriılmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə AMEA-nın Nəsimi adına dilçilik İnstitutunun eksperti Nəzakət Qazıyeva ifadə verib.
 
Əvvəlcə İsfəndiyar Axundovun vəkilləri ekspertə suallar ünvanlayıblar. Vəkilin "30 milyon manatdan artıq pulun mənimsənilməsi şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirmək mümkündürmü" sualına, həmçinin İsfəndiyar Axundovun verdiyi müsahibədə təhqir elementin olmaması barədə fikirlər səsləndirməsinə xüsusi ittihamçı Emil Səməndərovun vəkili Asim Abbasov etiraz edib.
 
O etirazını belə əsaslandırıb ki, qarşı tərəfin vəkili sualı yönəldərək verir. Bildirib ki, müsahibədə təhqir elementi var.
 
Hakim isə İsfəndiyar Axundovun vəkillərinə suallarını konkretləşdirməyi tövsiyə edib.
 
Bu zaman çıxış edən İsgəndər Axundov deyib ki, 75 yaşı var, bu yaşda məhkəməyə gəlib-gedir: "Bura gəlirəm, işimdən oluram. Mindən çox işçim var, onların qarşısında məsuliyyət daşıyıram. Mən öz işlərimlə məşğul olmalıyam. İki ilə yaxındır məhkəmə gedir, bu qədər süründürməçiliyə yol vermək olmaz. Hakimdən də narazıyam. Yaşımla əlaqədar bir-iki cümlə demişəm. İndi buna görə mənə əziyyət verirsiz. İşlərimi də görmələyim, istirahətə də getməliyəm. Bu prosesi illərlə uzatmaq düzgün deyil".
 
Daha sonra suallara cavab verən ekspert bildirib ki, onlara təqdim olunmuş mətndə qarşıya qoyulan üç sualda təhqir elementi yoxdur. "Aldatmaq", "vicdanlı olmaq", "pul yemək" sözləri təhqir hesab edilmir və bu da təhqir kimi qiymətləndirilə bilməz.
 
Daha sonra ekspert xüsusi ittihamçının vəkili Asim Abbasovun suallarını cavablandırıb. O bildirib ki, "şərəfsiz" sözü konkret şəxsə aid edilməyib, buna görə də təhqir sayılmır. Onun sözlərinə görə, ifadədə qeyd olunan "dürüst olmaq" və "vicdanlı" sözlərini Azərbaycan dilində təhlil edəndə "yaxşı" sözü ilə əvəz edilir: "Bizə təqdim olunan materiallarda şəxslərin kimliyi müəyyən edilmir. Biz verilən suallarla, orada qoyulan məsələlərlə bağlı rəy veririk".
 
Daha sonra ekspertə İsfəndiyar Axundovun "Şərəfi olan şəxs şəhid ailəsini, qazini aldadarmı?" ifadəsi ilə bağlı təhqirin olub-olmaması ilə bağlı suallar verilib. Nəzakət Qazıyeva bunun ümumi söz olduğunu deyib.
 
Hakim təklif edib ki, ekspertə müsahibəni təşkil edən video-meteral təqdim edilsin, ekspert həmin sənədlər üzərində araşdırma apararaq rəy hazırlasın və məhkəməyə təqdim etsin.
 
Xüsusi ittihamçının vəkili isə buna etiraz edib. Bildirib ki, ekspert bu işdə qərəzlidir: "Çünki burada bir neçə fikir səsləndirdirdi və ziddiyyətli danışdı. Bu səbəbdən onun rəyi mötəbər hesab olunan bilməz. Biz əvvəldən rəy verən mütəxəssisin məhkəməyə dəvət olunmasını, onunla ekspertə birgə suallar verilməsini, birlikdə cavab alınmasını istəyirdik".
 
Hakim isə bildirib ki, rəy verən mütəxəssisin məhkəməyə çağırılması ilə bağlı vəsatət rədd edilməyib, baxılmamış saxlanılıb. Gələcəkdə həmin məsələyə baxıla bilər.
 
Daha sonra hakim qərar qəbul edib ki, işdə olan sənədlər ekspert Nəzakət Qazıyevaya təqdim olunsun, ekspert həmin sənədlər üzərində araşdırma aparsın və hazırladığı rəyi məhkəməyə təqdim etsin.
 
Növbəti proses noyabrın 20-də davam edəcək.
 
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.
 
Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər