Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik edildiyi üçün məhkəmə istintaqı yenilənib.
Belə ki, hakim Anar Sadıqovun yerinə tərkibə Hafiz Kamranov daxil olub.
Sonra, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Aybəniz Xəlilova zərərçəkmiş şəxsi çılpaq şəkillərini, nikahdankənar münasibətlərini istifadə etdiyi sosial şəbəkələrdə yaymaqla hədələyərək eləcə də onun azyaşlı uşaqlarının şəxsiyyəti üzərində zor tətbiq etməklə hədələyərək pul tələb edib.
Məhkəmə tərkibinin qərarı ilə birinci təqsirləndirilən şəxs, daha sonra zərərçəkmiş və şahidlər dindiriləcək.
Təqsirləndirilən şəxs birinci zərərçəkmişin dindirilməsini istəyib.
X.Aybəniz ifadəsində bildirib ki, özünü təqsirli bilmir:
"Şantaj və hədə-qorxu halları olmayıb. Ev mənim öz aldığım evdir. Bizim aramızda şantaja səbəb ola biləcək nə sə olmayıb. Özəl günlərdə mənə hədiyyə alıb. 2 il gözəl ailə münasibəti yaşamışıq. O mənə çox gözəl baxıb, hər şey ilə təmin edib. Mənim hədə-qorxuya şəraitim belə olmayıb. Kartıma pul atıb, çünki ailəsini dolandırırdı. Qızıl ziynət əşyaları məsələsinə gəlincə deyə bilərəm ki, 5 min manatlıq qızıl dəsti özü boynuma taxıb. Onun videosu da var. Adıçəkilən məbləğləri görməmişəm. Mən əvvəl Xalidin məhsullarını səhifəmdə reklam edirdim və bunun qarşılığında maaş alırdım".
Təqsirləndirilən bildirib ki, ittiham aktını eşidəndə özünə qəsd etmək istəyib.
Məhkəmənin növbəti iclası 18 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb. /E-huquq.az/