Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Moderator.az xəbər verir ki, məhkəmə iclasında əvvəlcə iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan olunub. Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı-əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.
Həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərini işğal etməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin ərazidə yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub. İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatarından qanunsuz istifadə edilib.
Sənədlərdə göstərilib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə, heç bir ekoloji qaydaya əməl edilmədən istismar edilməklə elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkilərə məruz qalıb.
Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində əhalinin kənd təsərrüfatı ilə məşğul olması mümkün olmayıb, bu səbəbdən həm əhali, həm də dövlət böyük məbləğdə iqtisadi itkilərlə üzləşib.
“Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər” başlıqlı sənəddə qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin işğalı zamanı işğal edilmiş ərazilərdə yüz minlərlə mina basdırılıb, geniş ərazilər partlamamış hərbi sursatlar ilə çirkləndirilib. Bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər ərazilərinə tam reinteqrasiyasının təmin etmək üçün uzun zaman və irihəcmli maliyyə vəsaiti tələb olunur.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinə Bakı Hərbi Məhkəməsində baxılır.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.