Bizi sosial şəbəkələrdən izləyin:
Abşeron rayonunda kişi eyni məhəllədə yaşadığı sevgilisini bıçaqlayıb.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində, "Kərpic zavod" adlanan ərazidə baş verib.
Həmin ərazidə yaşayan Rasim Muxtarov (ad və soyad şərtidir) ailəli, iki övlad atası olub. O, eyni məhəllədə yaşayan Yaqut adlı qadınla uzun müddət - 10 ildən artıq sevgi münasibətləri yaşayıb.
Rasim ailəli olsa da, günün çox hissəsini Yaqutun evində keçirib, lakin həyat yoldaşından boşanmayıb. Məhz bu məsələ onların arasında mübahisəyə səbəb olub.
Yaqut Rasimdən tələb edib ki, həyat yoldaşından boşanaraq onunla rəsmi nikaha girsin. Rasim isə bu təkliflə razılaşmayıb və tərəflər arasında gərginlik yaranıb.
Axşam saatlarında Yaqut işdən evə qayıdarkən həyətdə avtomobil təkərini dolduran Rasimi görüb, lakin salam vermədən otağına keçərək qapını arxadan bağlayıb. Rasim onunla barışmaq üçün qapını döysə də, Yaqut açmayıb.
Əsəbiləşən Rasim mətbəxdən bıçaq götürərək qapını sındırıb və Yaqutun yanına girib. Qadın onunla barışmaq istəmədiyini, münasibətə son qoyduğunu deyib. Bundan qəzəblənən Rasim əlindəki bıçaqla Yaquta 7 bıçaq zərbəsi endirib.
Hadisədən sonra peşman olan Rasim dostunu çağıraraq, Yaqutu xəstəxanaya çatdırmasını xahiş edib. Qadın dərhal əməliyyata alınıb.
Rasim hadisə barədə polisə məlumat verərək könüllü şəkildə təslim olub.
Faktla bağlı cinayət işi açılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Muxtarov 5 il azadlıqdan məhrum edilib.