Bakıda avtobusda ödəniş etməyən sərnişin sürücünün qulaq pərdəsini cırdı
Kriminal
435
10:05, Bu gün

Bakıda avtobusda ödəniş etməyən sərnişin sürücünün qulaq pərdəsini cırdı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Göyüşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən baş prokurorun müavini Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, apellyasiya protesti təmin edilib, təqsirləndirilən şəxsin cinayət işi üzrə icraata xitam verilməsinə dair Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib. Pənah Göyüşov Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum olunub.
 
İttiham aktına görə, 07 aprel 2025-ci il tarixdə, saat 18 radələrində Pənah Göyüşov həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 5 nömrəli marşrut üzrə hərəkət edən avtobusa minib. Gediş haqqının ödənilməməsi səbəbindən avtobusun sürücüsü, zərərçəkmiş Mahir Qubadovla (adı, soyadı şərtdir) aralarında mübahisə yaranıb.
 
Hadisənin davamında həmin gün saat 19:40-da təqsirləndirilən şəxs Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən 5 nömrəli marşrutun son dayanacağında zərərçəkmiş sürücü ilə mübahisə edib, ona qarşı qəsdən zor tətbiq edib. Bu zaman Pənah əli ilə Mahirin qulaq nahiyəsinə vuraraq ona sol qulaq pərdəsinin perforasiyası (cırılması) ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.
 
Hadisədən sonra Pənah Göyüşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 
Səbail Rayon Məhkəməsinin hökmü ilə cinayət işi üzrə icraata xitam verilmişdi.
Link kopyalandı!
Son xəbərlər