Prokuror AzTV-nin keçmiş sədrinin qardaşı oğluna cəza istədi
Kriminal
323
11:30, Bu gün

Prokuror AzTV-nin keçmiş sədrinin qardaşı oğluna cəza istədi

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
 
O, təqsirləndirilən şəxsin əməlinin işdə olan sənədlərlə tam sübuta yetirildiyini deyib.
 
Təqsirləndirlilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsi, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi təklif olunub.
 
Zərərçəkmiş Babək Məmmədzadənin vəkili deyib ki, müvəkkilinə dəymiş ziyan ödənilməyib. O, mülki iddialarının tam təmin olunmasını istəyib.
 
Təqsirləndirilən şəxsin vəkili isə çıxışa hazırlaşmaq üçün vaxt istıyib. Məhkəmə bu istəyi nəzərə alıb.
 
Növbəti proses oktyabrın 13-də davam edəcək.
 
İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
 
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollardır.
 
Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Alışan cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
 
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Nizami Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.
 
Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
 
Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
 
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
 
Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.
Link kopyalandı!
Son xəbərlər