Bakıda usta sahibkar qadınla sevgili oldu, şantaj yolu ilə əmlakını ələ keçirdi
Kriminal
1038
12:35, Bu gün

Bakıda usta sahibkar qadınla sevgili oldu, şantaj yolu ilə əmlakını ələ keçirdi

Bakıda usta sevgili olduğu sahibkar qadını şantaj edib.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
 
Xəzər rayonunda sahibkarlıqla məşğul olan iş adamı İradə Ağayeva (ad və soyad şərtidir) mülkiyyətində olan obyektlərdən birini icarəyə verərkən Binə qəsəbəsində usta işləyən İlham Muxtarovla (ad və soyad şərtidir) tanış olur. İlham həmin obyekti icarəyə götürür və orada fəaliyyət göstərir. O, iki il obyekti icarə əsasında işlədir və aylıq icarə haqqını vaxtında ödəyir. İlham, həmçinin İradənin digər tikinti-təmir işlərinə də yardım edir və sahibkar qadının etibarını qazanır.
 
Bir müddətdən sonra İradə bütün obyektlərinin icarə pulunu yığmağı İlhama etibar edir. Bundan istifadə edən İlham İradənin razılığı ilə obyektlərdən birini öz adına rəsmiləşdirir. Daha sonra İradə İlham üçün torpaq sahəsində ev tikir və evi onun adına rəsmiləşdirir.
 
Daha sonra İradə ilə İlham arasında sevgi münasibətləri yaranır.
 
Bir neçə il ərzində İlham İradənin adına olan bir neçə torpaq sahəsini satıb, pulunu mənimsəyir. Növbəti dəfə İradə özünə pul lazım olduğu üçün torpaq sahəsinin birini də satır. İlham isə həmin pulu İradədən tələb edir. İradə həmin pulu şəxsi xərclərini qarşılamaq üçün satdığını deyir. Nəticədə İlhamla İradə arasında mübahisə yaranır. İlham İradənin evinə gələrək onu döyür və bütün əmlakını tələb edir.
 
O, İradəni şantajla da hədələyir. İlham İradəyə bildirir ki, onun intim videolarını çəkib və həmin videoları qardaşına və oğluna göstərəcək. İlham bu yolla İradəni hədələyərək, Binə qəsəbəsində olan bir neçə torpaq sahəsini ələ keçirir.
 
Daha sonra İlham İradənin evlərini ələ keçirmək üçün onu yenidən şantaj edir. O bu məqsədlə İradənin yarıçılpaq şəkillərini onun oğluna göstərir.
 
Bundan sonra İradə polisə müraciət edir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İlham Muxtarov saxlanılır. Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Muxtarov 11 il müddətinə azadlıqdan məhrum edilir.
Link kopyalandı!
Son xəbərlər