Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: “Qonşunun oğluyla gəzirsən” - TƏFƏRRÜAT
Kriminal
351
14:50, Bu gün

Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: “Qonşunun oğluyla gəzirsən” - TƏFƏRRÜAT

Gəncə şəhərində 1978-ci il təvəllüdlü Xəlil qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Güllünü (adlar şərti verilib – red) öldürməyə cəhd edib.

Moderator.azTeleqraf-a istinadla xəbər verir ki, o, 2000-ci ildən nikah münasibətində olduğu arvadı Güllünün onunla yaxınlıq etməkdən imtinasını xəyanət eləməsi ilə əlaqələndirib.

Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. O, bıçaqla qadına zərbələr vurub. Anasının köməyinə gələn övladı atasına aktiv müqavimət göstərib və yaralı anasını dərhal xəstəxanaya çatdırıb.

Vaxtında tibbi yardım alan qadının həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Davranışı mənə pis təsir etdi”

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, arvadı ilə 2000-ci ildə rəsmi nikaha daxil olub, iki övladları var: “Güllü ilə aramızda tez-tez mübahisə olurdu.

2022-ci il sentyabrın sonunda evdə mərhum atam Zahidin ölümünün ikinci ildönümü ilə bağlı ehsan süfrəsi açıldı. Bacım Səbinə və qohumlar işdən gələn Güllüyə ehsan yeməyi tövsiyə etsələr də, o, imtina elədi. Güllünün bu davranışı mənə pis təsir etdi.

Bir neçə gün sonra Güllü işdən gələndə yenidən mübahisə etdi, əsəbiləşərək evin əşyalarını sındırdı, küsərək Məhsəti qəsəbəsinə getdi. Onunla barışdım və evə gətirdim. Təxminən bir həftə sonra Güllü oğlum Sərxanı əleyhinə öyrətdiyimi bəhanə edərək mənimlə mübahisə elədi. Onun niyə bu qədər əsəbi olduğunu araşdırdım və “Youtube” sosial şəbəkəsində həkim-ginekoloqun “vaginizm” xəstəliyi haqqında müsahibəsinə baxdım.

Xəstəliyin əlamətlərinin Güllüdə olması qənaətinə gəldim. Yeni Gəncə qəsəbəsində yaşayan bacımın evinə getdim, bu barədə ona bildirdim. Müsahibədə xəstəliyi daşıyanların öz problemlərini gizlətdiyi qeyd edilib. Bacımla Güllünü Bakı şəhərinə, həmin həkim-ginekoloqun yanına aparmaq barədə razılaşdıq”.

“Bu xəstəliyinə görə gətirdiyimi izah etdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Güllü və bacısı Səbinə ilə birlikdə Bakı şəhərində xəstəxanaya gediblər: “Səbinə Güllünü həkimin qəbuluna yazdırdı. Bu zaman o, məsələni başa düşdü. Müayinədən əvvəl bacım həkimə Güllünün əsəbi olduğunu və onda “vaginizm” xəstəliyinin əlamətlərinin sezildiyini dedi.

Müayinədən sonra hıəkim mənə Güllüdə həmin xəstəliyin əlamətlərinin olmadığını bildirdi. Bacım Səbinə Gəncə şəhərinə qayıtdı, arvadımla mən birlikdə Bakı şəhərində qaldıq.

Saat 18 radələrində arvadımla Gəncəyə qayıdanda hansı səbəbə aldadılaraq onu həkimə gətirildiyimi soruşdu. Mən də xəstəliyinə görə gətirdiyimi izah elədim. Güllü məsələni oğlum Sərxana danışdı, ginekoloqa onunla gedəcəyini dedi. Mən ona oğlumu bu məsələyə qatmamasını bildirdim”.

“Polisə təslim oldum”

Xəlil bildirib ki, növbəti gün saat 6-da yuxudan oyanıb, oğlu Sərxan həyətə heyvanlara yem vermək üçün mal tövləsinə gedib:

"Güllü də Sərxanın ardınca getdi. Mən arvadıma oğluma mane olmamağı bildirdim. O, sözümə əhəmiyyət verməyərək oğlumla mübahisəyə davam etdi.

Sərxan işini qurtardıqdan sonra hamama girdi. Güllü isə birinci mərtəbədə yataq otağına daxil olaraq mənimlə mübahisəyə başladı. Mübahisə zamanı Güllü məni, daha sonra mən də onu itələdim. Əlimdə yemək hazırlamaq üçün bıçaq vardı. Çox əsəbiləşdiyim üçün əlimdəki bıçaqla ona zərbələr endirdim.

Güllü xəsarət aldıqdan sonra bərkdən oğlumu çağırdım. O gələndə arvadım döşəmənin üzərinə yıxılmışdı, özüm isə şok vəziyyətdə kənarda durmuşdum.

Sərxan bıçağı əlimdən alaraq yerə atdı, anasına qonşuya getməyi təklif elədi. Anası çıxdıqdan sonra Sərxan da evi tərk elədi. Mən bıçağı, Güllüyə və özümə məxsus mobil telefonları götürərək evdən getdim.

Güllünün telefonunu götürməkdə məqsədim onu kimin öyrətməsini öyrənmək idi. Telefona baxdım, heç nə aşkar etmədim. Bıçağı və telefonları sındıraraq Xan arxına tulladım. Sumqayıt şəhərinə gedərək ad və yerini dəqiq xatırlamadığım hoteldə qaldım. Ardınca polis idarəsinə gedərək təslim oldum”.

“Münasibətim olduğunu bildirdi”

İş üzrə zərərçəkmiş Güllünün sözlərinə görə, həyat yoldaşı Xəlil 2022-ci ildə dostları ilə görüşdükdən sonra evə qayıdanda altı ay müddətində bir nəfər şəxsə onu izlətdirdiyini, yolunu azdığını və adına söz çıxdığını deyib:

“Xəlildən məni izləyən şəxsin kim olduğunu və məni harda gördüyünü soruşdum. O isə “getdiyin qapını bilmirsən?!” deyə kinayəli formada cavab verdi.

Sualı təkrarlayanda Xəlil mənə qonşumuz Ramalgilə getdiyimi, onun oğlu Rafiq ilə münasibətim olduğunu bildirdi”.

Güllü qeyd edib ki, növbəti günlərdə Xəlil səhhətində problem olduğu üçün müalicəyə Bakıya getməyi xahiş edib: “Mənə Bakıda işləyən həkimin əmisi oğlunu müalicə etdiyini bildirdi.

Həmin gün saat 05:30-da ərim Xəlil və baldızım Səbinlə ilə birlikdə Bakı şəhərinə getdik. Xəstəxanada bildim ki, ərim mənim başqa şəxslə münasibətim olmasından şübhələndiyi üçün ginekoloqa gətirib. Məlumatım olmadan götürdüyü şəxsiyyət vəsiqəsini xəstəxanada həkimə verib, həkimlə təklikdə söhbət edib.

Həkim-ginekoloq tərəfindən müayinə edildikdən sonra Xəlil bacısını Gəncəyə yola saldı. “Bu nə oyundur, başıma açırsan” deyərək ərimlə mübahisə etdim. O mənə evdə cadu qoyduğuma görə səhhətində problem yarandığını dedi. Təkrar onunla mübahisə etdim, boşanacağımı dedim”.

“Qəfil kürəyimdən vurdu”

Zərərçəkmiş deyib ki, hadisə günü səhər saat 8 radələrində həyəti süpürdükdən sonra evin birinci mərtəbəsindəki otağa girib:

“Xəlil məni görüb arxamca otağa gəldi. Çantamdan kosmetika götürdüyüm zaman qəfil kürək nahiyəmin sağ və sol tərəfinə bir neçə bıçaq zərbəsi vurdu. Oğlumu çağırdım, o gəlib Xəlilin əlindən bıçağı aldı və qabağını kəsdi. Mən çətinliklə qonşun Cəlilin evinə getdim. O, təcili tibbi yardıma zəng etdi, oğlum da ardımca gəldi. Təcili tibbi yardımla məni Gəncə şəhər 3 saylı xəstəxanaya apardılar”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında uyğun cəza təyin olunmasını xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər