Bizi sosial şəbəkələrdən izləyin:
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Lamiyə Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Modertor.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, Lamiyə Məmmədova 2014-2022-ci illər ərzində müxtəlif şəxsləri aldatmaq və etibardan sui-istifadə etmə yolu ilə onların əmlaklarını ələ keçirməklə dələduzluq edib. O özünü hüquq müdafiəçisi kimi təqdim edərək, zərərçəkmiş şəxslərə müxtəlif vədlər verib - kreditlərin ödənilməsini təmin etmək, gecikmiş ödənişləri silmək, məhkəmə və apellyasiya proseslərində onları təmsil etmək, təqaüdlərin bərpası və artırılması və s. Bu yalan vədlərlə Lamiyə zərərçəkmişlərdən hissə-hissə pul alaraq ümumilikdə 204 314 manat maddi ziyan vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lamiyə Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs və zərərçəkmiş apellyasiya şikayətləri veriblər. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib.