Məşhur “Pubar” klubunda bıçaqlanan dicey: “Özüm yetim böyüdüyüm üçün onu bağışlayıram”
Kriminal
258
13:56, Bu gün

Məşhur “Pubar” klubunda bıçaqlanan dicey: “Özüm yetim böyüdüyüm üçün onu bağışlayıram”

Ağ Şəhərdə yerləşən məşhur “Pubar”da baş verən qanlı dava ilə bağlı məhkəmə araşdırması başa çatıb. Bıçaqlanan şəxs obyektdə çalışan dicey Fərid olub.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, gecə klubuna dostları ilə əylənməyə gedən 24 yaşlı İntiqam musiqi sifariş verib.
 
20 dəqiqə keçsə də, sifarişi yerinə yetirilməyib.
 
İntiqam əvvəlcə Fəridin köməkçisi ilə mübahisə edib. Fərid məsələyə müdaxilə edən zaman əlbəyaxa dava düşüb. Dava zamanı İntiqam Fəridə bakalla və bıçaqla xəsarət yetirib.
 
Qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda ittiham olunan İntiqam deyib ki, Fərid onu vurduğu üçün özünü müdafiə etmək istəyib.
 
İfadəsində özünü xuliqanlıq əməli törətməkdə təqsirli bilmədiyini deyən İntiqamın sözlərinə görə, Fəridin köməkçisi ilə mübahisələri musiqi sifarişinə görə yox, bir-birlərinə yol verməməyə görə başlayıb. Bu zaman da Fərid söhbətə müdaxilə edib və dava baş verib. İntiqam əməlindən peşman olduğunu deyib.
 
Zərərçəkmiş Fərid dindirilən zaman İntiqamı bağışladığını bildirib. Səbəbini isə belə izah edib:
 
“İntiqamı anasına və babasına görə bağışlayıram. Mən özüm yetim böyümüşəm. Valideyn yoxluğunun, valideyn üçün də övlad yoxluğunun nə olduğunu yaxşı başa düşürəm. Buna görə İntiqamın azadlığa buraxılmasını istəyirəm”.
 
Hadisə günü baş verənlərdən danışan Fərid bildirib ki, klubda dicey kimi çalışıb. Həmin gün İntiqam mahnı sifariş verib. Lakin internet zəif olduğu üçün sifariş 15-20 dəqiqə gecikib. Bundan sonra köməkçisinin İntiqamla mübahisə etdiyini görərək onlara yaxınlaşıb.
 
“İntiqam dava zamanı məni vuranda gördüm ki, sifətimdən qan axır. Elə bildim ki, gözüm çıxıb”, - deyə Fərid ifadəsində bildirib.
 
Məhkəmə araşdırması zamanı məlum olub ki, İntiqam daha əvvəl də adam bıçaqladığı üçün həbs edilibmiş. 2 il 6 ay həbs cəzası almış İntiqam 2022-ci ildə azadlığa çıxıbmış.
 
Bu dəfə isə İntiqam daha ağır cəza alıb. Xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan İntiqam 5 il 6 ay azadlıqdan məhrum edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər