Sabirabad rayonunda qadına qarşı qeyri-etik hərəkətlər edən iki nəfərin barəsində tədbir görülüb.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Zəngənə kəndində baş verib.
Kənd sakinləri – 2001-ci il təvəllüdlü Mahir Babayev və onun dostu, 2005-ci il təvəllüdlü Sərxan Cəfərov (ad-soyad şərti verilib – red.) rayon sakini Məlahətin şikayəti əsasında saxlanılıblar.
Qadın iddia edib ki, həmin şəxslər ona mobil telefon vasitəsi ilə əvvəlcə zəng ediblər, daha sonra SMS yazıblar. Onların qadına qarşı qeyri-etik hərəkətlər etdikləri də qeyd olunub.
Məlahətin şikayəti əsasında polis şöbəsinə dəvət olunan iki dostun davranışı orada insidentlə nəticələnib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada protokol tərtib olunub.
Məhkəmədə ifadə verən S. Cəfərov bildirib ki, qadının şikayətin mahiyyətindən yalnız polis şöbəsində xəbər tutub: “Mən xanıma sadəcə “Salam” yazmışam. Başqa heç bir artıq hərəkətə yol verməmişəm. Lakin izahat verən zamanı əsəbi vəziyyətə düşərək şikayətçi xanımın ünvanına nalayiq ifadələr işlətmişəm. Hadisə yerində olan polis əməkdaşı tərəfindən sakitliyə dəvət olunsam da, qısa müddət ərzində qeyri-etik davranışımı davam etdirmişəm”.
Təqsirli bilinən şəxs məhkəməyə müraciət edərək cavan yaşının nəzərə alınmasını, barəsində cərimə tənbehi tətbiq olunmasını xahiş edib.
Digər təqsirləndirilən M. Babayev qeyd edib ki, Məlahət adlı xanımın şikayəti əsasında şöbəyə dəvət olunub: “Bu zaman həmin xanımla əvvəllər danışdığımı etiraf etdim. Sonradan nömrəsini dostum Sərxana verdim. Xanıma qarşı artıq hərəkətlərə yol verməmişəm. Həmin vaxt əsəb gərginliyi keçirərək nalayiq ifadələr işlətməyə başlamışam. Orada olan polis əməkdaşı məni intizama dəvət etdilər. Mən isə bir qədər hərəkətimi davam etdirdim”.
M. Babayev də özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsin barəsində 200 manat cərimə cəzası təyin olunub.
Lakin hər iki şəxsin həbsdə saxlanıldığı müddət nəzərə alınıb. Bu səbəbdən bu cərimə cəzaları – M. Babayevə münasibətdə 100, S. Cəfərova münasibətdə isə 1500 manat miqdarında saxlanılıb.