Külli miqdarda narkotik vasitə əldə etmədə və satmaqda ittiham edilən 22 yaşlı Türkan Abdullayevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, narkotikə qurşanmasının səbəbkarı kimi ailə həyatı qurduğu şəxsi göstərib.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, polis əməkdaşları Türkanı saxlayan zaman onun üzərindən külli miqdarda narkotik vasitə hesab olunan metamfetamin aşkar edilib.
Türkan ittihamla özünü təqsirli bilməyərək narkotikdən istifadəyə necə başladığını danışıb.
Bildirib ki, anası onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün ondan ailə qurmasını istəyib. O da Vüsal adlı şəxslə nişanlanıb:
“Bir gün Vüsalın maşınından həblər tapdım. Əvvəl narkotik olduğunu bilmədim. Vüsal həmin maddələrin gücləndirici preparatlar olduğunu, istifadə etsəm, özümü yaxşı hiss edəcəyimi dedi. Həmin maddələrdən istifadə etməyə başladım. Vüsalla rəsmi nikah bağladıqdan sonra onun narkotik vasitələr istifadə etdiyinə görə işdən çıxarıldığını öyrəndim. Onda başa düşdüm ki, maşında olanlar narkotik vasitə imiş. Vüsalla ayrıldıqdan sonra narkotik vasitələrdən asılılığım davam etdi”.
Onun sözlərinə görə, daha sonra keçmiş ərinin İlkin və Nurlan adlı dostlarından narkotik almağa başlayıb.
“Anam narkotik istifadə etdiyimi biləndə evdən ayrıldım. İlkin və Nurlan mənə zəng etdilər. Məni hotelə apardılar. Orada narkotik istifadə etdim. Sonra da özümü pis hiss etməyə başladım. İlkin mənim telefonumla kiminləsə danışdı. Həmin şəxs iranlı idi. Məni iranlıya Nurlanın arvadı kimi təqdim elədi. İranlı narkotikin qarşılığında mənim videomu istədi. Həmin videoda dövlət nümayəndələrinə qarşı nalayiq ifadələr işlətməyimi tələb etdi. İlkin videonu çəkməsəm, şəkillərimi sosial şəbəkələrdə paylaşıb altında pis ifadələr yazacağını dedi. Etiraz edəndə İlkin sosial şəbəkədə şəkilimi paylaşıb altında nömrəmi yazdı. Mənə zənglər gəlməyə başladı. İlkinin bıçağı da var idi. Videonu çəkməyə razılaşdım. Videonu çəkib iranlıya göndərdik. İlkin də narkotiki almağa getdi. Məcburi saxlanıldığım barədə otel işçilərinə məlumat verdim. Polislər gəlib məni apardı. Amma polisdə şikayətçi olmadım. Sonra narkotikdən müalicəyə başladım. Amma İlkin məndən əl çəkmirdi. Sonra pul tələb etməyə başladı”.
Türkanın sözlərinə görə, İlkin Türkiyədə olan zaman onu şantaj etməyə başlayıb və iranlıya göndərilən videonu sosial şəbəkələrdə paylaşıb. Bundan sonra Türkan saxlanılıb. O, narkotik vasitələrin özünə məxsus olmadığını deyib.
İstintaq zamanı Türkanın ayrı-ayrı şəxslərlə narkotik vasitənin satışı məqsədli ilə danışdığı, mesajlaşdığı müəyyən edilib.
Məhkəmə Türkanın ifadəsini özünü müdafiə məqsədi ilə verdiyi qənaətinə gəlib.
Hökmə əsasən, Türkan 5 il azadlıqdan məhrum edilib.