“Əvvəl şirkətdə belə şeylər olmamışdı deyə şoka düşdüm”
Kriminal
607
28 Feb 2025 | 18:06

“Əvvəl şirkətdə belə şeylər olmamışdı deyə şoka düşdüm”

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (Oleq Bakinski) və onunla birgə mühakimə edilən, Ukraynada müdafiə sənayesi nazirinin müavini olmuş Kuçer Konstantin Antonoviçin məhkəmə istintaqı davam edir.
 
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlər dindirilib.
 
İş üzrə Oleq Bakinski xuliqanlıqda, Kuçer Konstantin Antonoviç isə xuliqanlıqla yanaşı dələduzluqda ittiham edilir.
 
Bu dəfə şahid Səbinə Hüseynzadə xuliqanlıq epizodu üzrə ifadə verib. Epizod Oleq Bakinskinin Zaxarenkov Valeriy Nilolayeviçlə şirkətdə mübahisə etməsi və Bakinskinin qarşı tərəfə xəsarət yetirməsindən ibarətdir.
 
S.Hüseynzadə hadisə baş verən şirkətdə işləyib. Qadın deyir ki, həmin gün Oleq Bakinski də orada olub və həmin anlar cəmi 5 dəqiqə davam edib. Səbinənin sözlərinə görə, mübahisə nəticəsində kiminsə xəsarət aldığını görməyib: “Qonaqlar otağa daxil olduqdan bir neçə dəqiqə sonra yüksək səslər eşitdim. Əvvəl şirkətdə belə şeylər olmamışdı deyə şoka düşdüm. Amma 5 dəqiqə sonra çıxıb getdilər”.
 
Şahid səsini eşitmədiyi üçün Kuçer Konstantin Antonoviçin mübahisə edənlərin arasında olmadığını düşünür. Zərərçəkmiş ifadəsində deyib ki, təqsirləndirilən şəxslər ona şüşə butulka ilə xəsarət yetiriblər. Amma şahid belə hal olduğunu xatırlamayıb. Əlavə edib ki, mübahisə baş verən otaqda hər hansı şüşə qırıntısı, qan ləkəsi görməyib.
 
Eyni şirkətdə logistika üzrə mütəxəssis işləmiş Şlavski Əhmədova da hadisəni, demək olar ki, əvvəlki şahidin dediklərinə bənzər təsvir edib. Səbinədən fərqli olaraq Şlavski hadisə vaxtı Oleq Bakinskini şirkətdə görmədiyini deyib, amma orada olmadığını da təsdiq etməyib.
 
Şahid müdiri olmuş, hazırda təqsirləndirilən Konstantinin əleyhinə ifadə verməyib. Ümumiyyətlə, onun öz kabinetindən çıxmadığını söyləyib: “Mən kabinetimdə oturub gündəlik işimlə məşğul idim. Birdən səs-küy gəldi. Bir neçə nəfər qəfil ofisə daxil oldu. Onlar birbaşa qonaq otağına keçdilər. Təxminən 10-15 dəqiqə sonra iki nəfər tanımadığım şəxs nalayiq ifadələr işlədərək otaqdan çıxıb getdilər. Mübahisə sonrası heç bir qan ləkəsi və dava-dalaşın yaratdığı dağınıqlıq görmədim.
 
Bu epizod üzrə digər şahidlər də oxşar ifadə veriblər.
 
Qeyd edək ki, xuliqanlıq epizodu üzrə zərərçəkmiş Zaxarenkov Valeriy Nilolayeviç, dələduzluq epizodu ilə bağlı “Avıazapchast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-dir.
Link kopyalandı!
Son xəbərlər