Kriminal
284
18:05, Bu gün

"Oleq Bakinski"nin vəsatəti təmin edilmədi

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapivinin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin səhhətindəki ciddi problemlə əlaqədar ev dustaqlığına buraxılmasını xahiş edib.
 
Məhkəmə vəsatəti təmin etməyib.
 
Dövlət ittihamçısı Konstantin Kuçerə suallar ünvanlayıb. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirib ki, o, 2017-2018-ci illərdən bu fəaliyyətlə məşğuldur, yalnız mülki gəmilər üçün ehtiyat hissələri satır, həmin hissələr hərbi gəmilər üçün istifadə oluna bilməz.
 
O, əlavə edib ki, zərərçəkənin verdiyi pulun bir qismi ilə sifariş verilib, lakin məhsulları yolda saxlanılıb.
 
Buna səbəb Rusiya-Ukrayna müharibəsi olub. Onun hətta Frankfurtdan Qazaxıstana göndərilən yük maşını da istintaqla əlaqədar saxlanılıb. O, pulu qaytarmaq istəsə də, "Günay Bank"ın bağlanması səbəbindən qaytara bilməyib.
 
Qeyd olunub ki, digər banklarda olan hesablarındakı məbləğlər öz şirkətlərinə məxsusdur.
 
Daha sonra zərərçəkən Valeriy Zaxarenkov ifadə verib. O, rusdilli olduğu üçün tərcüməçi ilə təmin olunub.
 
Zərərçəkən bildirib ki, hər iki təqsirləndirilən şəxs ona xəsarət yetirib. Onun ifadəsi ilə təqsirləndirilən şəxslərin ifadələri ziddiyət təşkil edib. Buna cavab olaraq V.Zaxarenkov deyib ki, tibbi ekspertizada hər şey əks olunub.
 
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
 
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
 
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
 
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb. /APA/
 
Link kopyalandı!
Son xəbərlər