Bizi sosial şəbəkələrdən izləyin:
Sabirabadda arvadını və oğlunu döyərək işgəncələr verən şəxs hakim qarşısına çıxarılıb. Zərərəçəkmiş qadın və uşağı müxtəlif bəhanələrlə işgəncələrə məruz qoyub.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Rasim (ad şərtidir) qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına və oğulluğu olan 10 yaşlı uşağa işgəncələr verib, onları dəfələrlə döyüb.
Rasim həmin qadınla 2021-ci ildən münasibət qurub və birgə yaşayıblar. Amma Rasim qadının oğulluğunu qəbul etməyib və mütəmadi olaraq yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan uşağı döyərək onlara fiziki ağrı və psixi iztirab verib.
İstintaqla müəyyən edilib ki, Rasim qadını döymək üçün bəhanələr axtarırmış. Bu bəhanələrdən biri də qadının qəfədana su doldurmamışdan qabaq salavat çevirməməsi olub. Azyaşlı uşağı isə dərs oxumamasını bəhanə gətirərək dəfələrlə döyüb.
Azyaşlının başını stolun tininə vuraraq xəsarət yetirib. Onu evin zirzəmisinə salaraq orada saatlarla saxlayıb.
Zərərçəkmişlər dindirilən zaman deyiblər ki, Rasim onları bıçaqla öldürəcəyi ilə bağlı həmişə hədələyib. Buna görə də qorxublar və bu günə qədər susublar.
“Evin altında olan zirzəmiyə salıb qapısını bağlayırdı. Deyirdi ki, səsim çıxsa, məni bıçaqla doğrayacaq. Anama da tapşırırdı ki, səsi çıxmasın. Zirzəmi qaranlıq və soyuq olurdu. Çox qorxurdum. Anamı da çağıra bilmirdik ki, ona da nəsə edər”,- deyə azyaşlı ifadəsində bildirib.
Bu əməllərinə görə ona qarşı Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə; iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.4 (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə Rasim 3 il azadlıqdan məhrum edilib.