Bloger direktora kabinetində hədə-qorxu gəldi:
Kriminal
457
14:00, Bu gün

Bloger direktora kabinetində hədə-qorxu gəldi: "Əlimdə elə video var ki..." - DETALLAR

Azərbaycanda vəzifəli şəxsdən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan bloger Arzu Sayadoğlunun barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, Arzu Sayadoğlu 7 avqust 2023-cü ildə Mədəniyyət Nazirliyi Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə işçilərinin Tovuz rayonundakı Nizami adına Mədəniyyət evinin 1.5 hektarlıq həyətyanı sahəsində iməcilik işlərini həyata keçirmələri ilə bağlı əldə etdiyi gizli çəkilmiş video-materialı mərkəzin zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını və əmlak xarakteri daşıyan hərəkətlər etməsini tələb etmək məqsədi ilə özündə saxlayıb.
 
Arzu Sayadoğlu iməcilik bitdikdən sonra günorta saatlarında Mədəniyyət İdarəsinin Tovuz rayon mədəniyyət mərkəzinin direktorunun iş yerinə gələrək onunla görüşüb, həmin videomaterialı göstərməklə barəsində rüsvayedici materiallar hazırlayaraq sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yaymaqla ictimailəşdirəcəyini bildirib.
 
O, belə materialların yayılmaması müqabilində zərərçəkmiş şəxsdən 6.000 manat məbləğində pul tələb edib. Zərərçəkmiş razılaşmadıqda həmin videomaterialı 29 avqust 2023-cü idə “Youtube” sosial şəbəkəsində “Arzu Sayadoğlu (AS TV)” adlı öz şəxsi profil hesabında yayımlayıb.
 
Arzu Sayadoğlunun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Arzu Sayadoğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mədəniyyət mərkəzi işçilərinin guya könüllü olaraq iməciliklə məşğul olmasına dair videoçəkiliş “Kanal 13” internet kanalında yayımlanıb: “Mən də həmin videonu götürərək videoçarx hazırlamışam və ictimai əsaslarla fəaliyyət göstərdiyim üçün 2023-cü il avqust ayının sonunda öz kanalımda yayımlamışam. Lakin videomaterialı yaymamaq üçün iş üzrə zərərçəkmiş şəxslə görüşməmişəm, ondan birbaşa, yaxud dolayı yolla pul istəməmişəm”.
 
 
Məhkəmədə təqsirləndirilən şəxsi ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb və tədqiq olunub. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərib ki, 2011-2013-cü illərdə Tovuz rayonunda “Türk el” televiziyasında müxbir işləyib: “2013-cü ilin iyul-avqust ayından noyabr ayına kimi “ANS Şirkətlər qrupu”nun “ANS press” xəbər agentliyində redaktor olmuşam. Daha sonra 2014-cü ilin dekabr ayından 2015-ci ilin fevral ayına kimi “ANS ÇM” radiosunda xəbər aparıcısı işləmişəm. Həmin tarixdən sonra rəsmi olaraq heç yerdə işləməmişəm. 2015-ci ilin fevral ayında “ANS ÇM” radiosunda işdən çıxdıqdan sonra sərbəst olaraq siyasi, ictimai, elmi araşdırmalar aparmaqla jurnalist kimi fəaliyyət göstərmişəm.”.
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, qısa müddətə qeyri-rəsmi “Günün Səsi” saytında redaktor işləyib: “Daha sonra yenidən 2019-2020-ci illərdə həmin saytda redaktor olmuşam. 2019-2021-ci illərdə “Kanal 13” yutub kanalında aparıcı və redaktor işləmişəm. Yutub sosial şəbəkəsində “Arzu Sayadoğlu” adlı şəxsi profil hesabım - kanalım var. Profildən siyasi-ictimai problemləri paylaşmışam, 48000-dən çox izləyicim var.
 
2023-cü ilin avqust ayının əvvəlində Mədəniyyət Nazirliyinin Qazax-Tovuz mədəniyyət idarəsinin işçilərinin Tovuz rayonundakı Nizami adına Abulbəyli kənd folklor evinin 1.5 hektarlıq həyətyanı sahəsində olan qurumuş otları yolmaları, zibil təmizləmələri barədə əldə etdiyim video çəkilişi özündə saxlamışam. Avqust ayının sonu, yəni 29 avqust 2024-cü ildə yutub sosial şəbəkəsində “Arzu Sayadoğlu" adlı kanalımda həmin video çəkilişi paylaşmaqla ictimailəşdirmişəm”.
 
İş üzrə zərərçəkmiş Asif Qədimovun sözlərinə görə, 2023-cü ilin avqust ayının 7-də idarənin Tovuz rayonu üzrə əməkdaşları könüllü olaraq təmizlik işlərinə cəlb edilib:
 
“Həmin gün Mədəniyyət idarəsinin Tovuz rayonu üzrə işçiləri Nizami adına Abulbəyli kənd folklor evinin 1,5 hektarlıq həyətyanı sahəsində iməciliyi təxminən günorta saatlarında yekunlaşdı. Günün ikinci yarısı Tovuz rayon sakini, jurnalist olduğunu bildirən Arzu işlədiyim Mədəniyyət Mərkəzinə gələrək mənimlə görüşdü. “Youtube” sosial şəbəkəsində “Arzu Sayadoğlu” adlı kanalı və “AS TV” internet kanalı olduğunu bildirdi.
 
O, iməciliyin videosunu mənə göstərdi, mədəniyyət işçilərini guya zorla həmin ərazidə işlətdiyimi, qanuna zidd hərəkət etdiyimi deyərək məni hədələdi. Özünə məxsus sosial şəbəkədəki kanalında videonu paylaşacağını, video yayılsa işdən çıxarılacağımı dedi.
 
Videonu kimin və necə çəkdiyini soruşdum. “Sənə dəxli yoxdu, mən, yaxud başqası, sənin nəyinə gərəkdir, əsas odur, video məndədir” – dedi. Narahat oldum, iməciliyin başqa adla paylaşmağa ehtiyac olmadığını dedim. Arzu mənə pislik etmək istəmədiyini, məsələni öz aramızda həll etməyin mümkün olduğunu dedi. Əgər ona 6.000 manat versəm, videonu ictimailəşdirməyəcəyini bildirdi. Mən isə o qədər pulumun olmadığını söylədim. Arzu mənə “özün bil, onda işdən azad olunanda ağlın başına gələr” - deyərək getdi”.
 
Zərərçəkmiş qeyd edib ki, Arzuya pul verməyəcəyini deyib: “Məni yenə də əvvəlki kimi hədələdi, əgər dediyi pulu verməsəm, öz sosial şəbəkəsində videonu paylaşaraq ictimailəşdirəcəyini, yaxşı-yaxşı fikirləşməli olduğumu bildirdi. Arzuya pul verməkdən imtina etdim. “Pulu düzəldəndə xəbər edərsən, səndən xəbər çıxmasa ictimailəşdirəcəm” – dedi.
 
Axşam idarənin baş məsləhətçisi, Tovuz rayonu üzrə nümayəndə olan Adilə yanıma gəldi, Arzu adlı jurnalistin onunla Tovuz şəhərində tədbirdə görərək əlində video olduğunu, “get rəisin Asiflə danış, ona sözümü demişəm, əgər yoluna qoymaq istəyirsizsə ona dediyim məsələni həll etsin!”- dediyini bildirdi. Adilə bir neçə saat əvvəl Arzunun yanıma gələrək hədə-qorxu gəlməsini və məndən 6000 manat istədiyini dedim”.
 
Zərərçəkmiş bildirib ki, bir qədər sonra həmin videoya internetdə paylaşılıb: “Videoya baxdım. Arzunun məni biabır etmək üçün videonu yaydığını bildim. Mənə hədə qorxu gəlindiyi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Tovuz rayon şöbəsinə ərizə ilə müraciət etdim”.
 
Məhkəmənin hökmü ilə Arzu Sayadoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Link kopyalandı!
Son xəbərlər