Azərbaycanda
Kriminal
309
13:22, Bu gün

Azərbaycanda "falçı"nın film kimi cinayəti - 36 mini belə mənimsədi...

Naxçıvanda 26 yaşlı şəxs filmlərdən görə biləcəyimiz dələduzluq əməlini həyata keçirib. O, tanışı olan xanımı baxıcı adı ilə aldadaraq xeyli miqdarda pulunu ələ keçirib. Aldığı pulları isə qısa zamanda kefə, əyləncəyə və başqa xanımlara xərcləyib.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət 26 yaşlı Abbasın əməllərindən gedir. İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.
 
İstintaqla müəyyən edilib ki, Abbas, İnstaqramda “baxıcı_nl” və “baxma_666” adlı baxıcı səhifələrini sındıraraq hesabları ələ keçirib. Özünü baxıcı kimi tanıdaraq tanışı olan xanımdan ayrı-ayrı məqsədlər üçün vədlər verərək 36 min pul alıb. Bununla da dələduzluq əməli törədib.
 
O, zərərçəkmiş Afəti (ad şərtidir) kollecdə oxuduğu zaman tanıyıb. Onlar bir müddət də sevgili olublar. Sonra Afət başqa birini sevdiyini deyərək ondan ayrılıb. Amma dost kimi münasibətlərini davam etdirməyə razılaşıblar. Bir müddət sonra Abbas Afətin İnstaqram profilini sındıraraq onun kimlərlə yazışdığına baxıb. Bu zaman öyrənib ki, Afət baxıcılarla danışaraq onlara müxtəlif işlər üçün pul ödəyib.
 
Abbas da bundan istifadə etməyi qərarlaşdırıb. Digər baxıcı profillərini sındıraraq Afətə yazmağa başlayıb.
 
Abbas əvvəlcə baxıcı adından Afətə özünü tərifləyib. Amma Afət yazıb ki, Abbası yox, başqa şəxsi sevir. Hətta Abbas baxıcı adından Afətə yazıb ki, Abbas xəstədir. Abbasın yəni, özünün baxıcı tərəfindən sağaldılması üçün Afətdən 500 manat istəyib. Afətdən bu məqsədlə pulu almağa nail olub. Sonra öz profilindən Afətə yazaraq qısa zamanda sağaldığını da deyib. Bununla həm də Afətin baxıcıya olan inamını gücləndirmiş olub.
 
Abbas sonra Afətdən yeni sevgili olduğu şəxslə aralarını düzəltmək adı ilə 1000 manat alıb. Başqa bir nəfəri isə arvadından boşatmaq adı ilə 3 min manat alıb. Abbas söhbət zamanı Afətin iş axtardığını da öyrənib. 20 minə yaxın pulu da Afəti işə düzəltmək adı ilə alıb. Afətdən iş üçün sənədlər alan zaman da maraqlı üsula əl atıb. Afətdən sənədlərini Naxçıvandakı mağazalardan birinin rəfinə qoymasını istəyib. Sonra özü gedərək oradan götürüb.
 
Maraqlısı budur ki, Abbas əldə etdiyi pulları kafedə tanıdığı 4-5 nəfər xanımlara xərcləyib. Xanımların salon xərclərinə, tatao vurdurmaqlarına, saç və makyajlarına, büjiteriyalarına, evlərinə ərzaq almaqlarına və digər xərclərinə ödəyib. Özünə də 3500 manata mobil telefon alıb, kredit borclarını ödəyib, digər ehtiyaclarına xərcləyib. İki dəfə də Naxçıvandan Iğdıra gedərək orada tanış olduğu qadınla əyləncəyə min manatdan çox pul xərcləyib. Əldə etdiyi puldan kartında cəmi 3600 manat saxlayıb.
 
Məhkəmə araşdırması zamanı məlum olub ki, Abbas və ailəsi pulun 30 min manatını geri ödəyib. Qalan hissəsini isə ayda min manat olaraq ödəməyə imkanlarının çatdığını deyiblər.
 
Afətin ifadəsində işin maraqlı detalı aydın olub. Abbas özünü inandırmaq üçün ilginc bir yola əl atıb.
 
“Mənə baxıcı adı ilə yazmışdı ki, Abbas ağır xəstədir. Mən Abbasın özünə yazanda cavab yazmırdı. Baxıcıya dedim ki, Abbas cavab yazmır. Baxıcı dedi ki, gözlə, elə edəcəm ki, Abbas sənə yazacaq. Bir az sonra Abbas mənə yazdı. Xəstə olduğunu, qan qusduğunu yazdı. Əl-üz yuma yerinin qanlı fotosunu atdı. Mən də baxıcıya 500 manat verdim ki, Abbası sağaltsın. Bir neçə gün sonra Abbas yazdı ki, sağalıb. Bir müddət sonra Abbasdan yenə səs çıxmadı. Bir nəfər mənə zəng elədi ki, Abbasın vəziyyəti ağırdır və xəstəxanadadır. Amma kim olduğunu demədi. Mən də baxıcıdan Abbası soruşdum. Baxıcı Abbas barədə mənə yazdı. Dedi ki, sağalması üçün pul versəm, çoxlu dua edər. Mən də 1000, 1500, 2000 baxıcıya göndərdim”- deyə Afət başına gələnləri danışıb.
 
Afətin Abbasa verdiyi pullar atasına məxsus olub və evdən xəbərsiz götürüb. İşin üstü də atasının pulları axtarması ilə açılıb. Afətin atası polisə şikayət etdiyi zaman Abbasın əməlləri üzə çıxıb.
 
İstintaq zamanı Abbasın pul xərclədiyi xanımlar da dindirilib. Onlar Abbasın onlara pul xərcləmələrini etiraf ediblər.
 
Məhkəmədə zərərçəkmiş tərəf ziyanın 6250 manatının da ödənilməsini istəyib. Hökmə əsasən Abbas 2 il müüdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Link kopyalandı!
Son xəbərlər