Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham olunan hərbi qulluqçunun məhkəmə prosesi yekunlaşıb.
Moderator.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İsmayıl Allahverdiyev 17 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il iyunun 26-da axşam saatlarında paytaxtın Nərimanov rayonunda küçədə baş verib.
İttihama görə, İsmayıl Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb.
Bakı Hərbi Prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan İsmayıl İbrahim oğlu Allahverdiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İsmayıl Allahverdiyev müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.