Bizi sosial şəbəkələrdən izləyin:
Qadınları şantaj edərək pul almaqda təqsirləndirilən Daşqın Gəncəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daşqın Gəncəliyev masaj salonlarında işləyən qadınları şantaj edib. Bildirib ki, hüquq-mühafizə orqanlarında rəhbər şəxslərdən biridir. Əgər ona müəyyən haqq ödəməsələr, onların ailələrinə masaj salonlarında əxlaqsızlıqla məşğul olmaları barədə məlumat veriləcək.
İş üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. Daşqın Gəncəliyev məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilib. O, zərərçəkmişlərə ümumilikdə 3 min manatdan çox maddi ziyan vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.