Düzgün diaqnoz qoyulmayan azyaşlı xəstəxanada öldü: Həkim cəzalandırıldı
Kriminal
568
23 Jan 2025 | 17:36

Düzgün diaqnoz qoyulmayan azyaşlı xəstəxanada öldü: Həkim cəzalandırıldı

Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin Elton Musayev iki il altı ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum edilib.
 
İttihama görə, Kürdəmir rayon sakini Roman Qəribov 2023-cü ilin noyabr ayında dörd yaşlı oğlu Rüfət Qəriblini müayinə olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb.
 
Rüfət Qəriblini xəstəxananın həkim-infeksionisti Elton Musayev müayinə edərək ona yanlış olaraq "Ağırlaşması olmayan qızılca" diaqnozu təyin edib.
 
İttihamda bildirilib ki, həkim təyin edilən diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir müayinələr aparmayıb, diaqnoz əsaslandırılmayıb, xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib, onun vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili müalicəyə cəlb etməli olduğu halda tədbir görməyib.
 
Nəticədə həkimin göstərdiyi tibbi xidmətin yetərsizliyi səbəbindən Rüfət Qəribli kəskin tənəffüs çatışmazlığından ölüb.
 
Zərərçəkən Roman Qəribov prosesdə təqsirləndirilən Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
 
Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
 
Link kopyalandı!
Son xəbərlər