Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
“MedEra Hospital”ın xadiməsi Xuraman Abbasova bildirib ki, 06-45 radələrində işə gəlib:
"Səhər işimi görərkən Ağadadaş Ağayevin söyüş söydüyünü eşitdim. Ağadadaş söyüş söyərək yaxınlaşırdı. Onun balta atmasının canlı şahidi oldum. Balta Nəzakət Paşayevanın ayağına dəydi. Nəzakət xanım daha sonra baltanı yerdən götürərək gizlətdi".
Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət oduğunu bildirib.
Şahidin ifadəsi Ağadadaş Ağayevi hiddətləndirib. Xalq artisti şahidə müraciət edib:
"Siz deyirsiz, balta birbaşa Nəzakət xanıma dəydi, amma yalan danışırsız. Əlimizdə videogörüntülər var. Oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsız".
Şahid “MedEra Hospital”ın xəzinədarı Güldəstə Aşurlu bildirib ki, 07-45-də işə gəlib:
"Mən işə gələrkən arxadan gələn bir nəfər əlində balta solumdan ötüb keçdi. Nalayiq ifadələr işlədirdi. Xəstəxanaya girdim, dava getdiyinin şahidi oldum. Əşyalarımı yerləşdirdikdən sonra öz masama yaxınlaşdım. Həmin an içəri balta gəldiyinə şahid oldum. Balta Nəzakət xanımın ayağına dəydi. Daha sonra Nurəddinin ağız-burnunun qan içində olduğunu gördüm. Qarşılıqlı bir-birlərinə söyüş söyürdülər".
Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov qeyd edib ki, şahid ibtidai istintaqa verdiyi ifadəsində hadisəni iş masasına yaxınlaşdığı zaman gördüyünü bildirir, məhkəmə prosesində isə xəstəxananın həyətindəki şlaqbaumu keçdikdən sonra gördüyünü bildirir. İfadələr arasında ziddiyyət var. Şahidin nəzərinə çatdırıram ki, yalan məlumata görə məsuliyyət daşıyır.
Bununla da təqsirləndirilən Ağadadaş Ağayevin cinayət işi üzrə şahidlərin dindirilməsi prosesi başa çatıb.
Məhkəmə yanvarın 30-u davam etdiriləcək.
Qeyd edək ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb. /Teleqraf.com/