Xəyanət edən arvadını öldürən kişi azyaşlı qızı ilə polisə getdi... – ŞOK
Kriminal
586
14:35, Bu gün

Xəyanət edən arvadını öldürən kişi azyaşlı qızı ilə polisə getdi... – ŞOK

Abşeron rayonunda 1974-cü il təvəllüdlü Cəlil qısqanclıq zəminində 1976-cı il təvəllüdlü həyat yoldaşı Fatiməni (adlar şərti verilib – red.) öldürüb.
 
Cəlil 2017-ci ildən rəsmi nikah münasibətində olduğu arvadı Fatimənin son iki il ərzində ona başqa kişilərlə xəyanət etməsindən şübhələnib.
 
Buna görə 28 aprel 2024-cü ildə yaşadıqları Xırdalan şəhərindəki evdə gün ərzində bir neçə dəfə mübahisə edib. Saat 21 radələrində növbəti mübahisə zamanı Fatimənin ona aqressiv cavab verməsi səbəbindən xəyanət şübhələrinin əsaslı olması qənaətinə gəlib. Mətbəxdən bıçaq götürüb və qonaq otağında dayanmış Fatiməyə yaxınlaşaraq ona zərbələr vurub. 32 bıçaq xəsarəti alan qadın hadisə yerində ölüb.
 
İstintaq orqanı tərəfindən Cəlilin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildə Fatimə ilə rəsmən nikaha daxil olub, birgə nikahdan 2021-ci il təvəllüdlü qız övladları dünyaya gəlib: “Ailə qurduqdan sonra həyat yoldaşımla Oğuz rayonundan Abşeron rayonu, Xırdalan şəhərinə köçdük. Fatimə ilə son zamanlar münasibətlərim pozuldu. Onun xəyanət etməsindən şübəhələndiyim üçün aramızda tez-tez mübahisələr yarandı”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Fatimənin qapıdan kiməsə kağız ötürdüyünü görüb: “Həmin şəxsin kim olduğunu soruşdum, Fatimə cavab vermədi. Mən çölə çıxaraq axtarsam da, heç kimi tapa bilmədim. Evə qayıdıb Fatimə ilə mübahisə etməyə başladım. Telefonunu alıb yoxlatdırmağa aparmaq üçün evdən çıxdım. Evin pəncərəsinə baxanda Fatimənin məni güddüyünü görüb evə qayıtdım.
 
Aramızda yenə mübahisə oldu. Fatimə mənə nalayiq sözlər dedi. Onun qardaşı Əliyə zəng etdim, gəlib bacısını aparmasını desəm də, imtina etdi. Hər ikimiz bir az sakitləşdikdən sonra mən yenidən Fatimədən niyə xəyanət etdiyini soruşdum. Təzədən mübahisə etdik. Evin mətbəxindən bıçaq götürərək Fatiməni öldürdüm.
 
Bıçağı necə götürdüyümü, Fatiməni neçə dəfə bıçaqla vurduğumu xatırlamıram. Bundan sonra özüm könüllü olaraq polisə getdim və törətdiyim cinayət əməlini etiraf etdim”.
 
Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərib ki, Fatiməni bıçaqlayan zaman 3 yaşlı qızı mətbəxdə olub:
 
“Həyat yoldaşımla aramızda tez-tez mübahisələr olurdu. Amma heç vaxt bir-birimizə xəsarət yetirməmişik, polisə müraciət etməmişik. Mənim Fatiməni öldürmək məqsədim olmayıb, onu qorxutmaq istəmişəm.
 
Fatiməni bıçaqla vuranda özümdə olmamışam. Ona görə neçə dəfə vurduğumu, bu prosesin nə qədər davam etdiyini xatırlamıram. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişəm. Spirtli içkilərdən istifadə etsəm də, hadisə baş verən günü içkili olmamışam. Azyaşlı uşağıma hazırda Fatimənin qardaşı baxır.
 
Polisə təslim olanda heç bir sənəd tərtib edilmədi. Mən cinayət əməlini törədən kimi azyaşlı qızımı da götürüb polis idarəsinə getdim”.
 
İş üzrə zərərçəkmiş Fatimənin hüquqi varisi qismində dindirilən qardaşı Əlinin sözlərinə görə, aprelin 28-də yaşadığı evdə Cəlil tərəfindən öldürülən Fatimə ilə Cəlil arasında söz-söhbət 2023-cü ilin sentyabr ayından başlayıb: "Buna səbəb Cəlilin qardaşı Nəriman və arvadı Məlahət arasında yaranmış mübahisədə bacım Fatimənin Məlahətin tərəfini tutması olub. Nəriman mübahisə zamanı Məlahətin üstünə silah da çəkib, sonradan onun vasitəsilə silah polisə təhvil verilib. Məlahət isə Nərimandan şikayət etmədi.
 
Fatimə mənim həyat yoldaşım Sənəmlə söhbət edəndə deyib ki, Nərimanla arvadı arasında mübahisənin səbəbi guya Məlahətin ərinə xəyanət etməsidir. Lakin Fatimə Məlahət haqqında danışanda bu sözə inanmadığını deyib”.
 
Əlinin ifadəsinə görə, aprelin 28-də saat 18 radələrində Cəlil ona zəng edərək evə çağırıb və bacısından boşanmaq istədiyini deyib: “Mən rayonda olduğumu, səhər işdən icazə alaraq gələcəyimi desəm də, Cəlil əl çəkmədi və mənim mütləq evlərinə gəlməli olduğumu dedi. Bundan sonra arvadımla birlikdə Xırdalan şəhərinə yola düşdük. Yolda Cəlil mənə təkrar zəng etdi. Mən də yolda olduğumu dedim.
 
Saat 22 radələrində Xırdalan şəhərinə, bacımgil yaşayan mənzilə çatdıq. Biz mənzilə çatanda qapının açıq olduğunu gördük. Böyük otağın qapısını açıb işığını yandırdıqda bacım Fatiməni yerdə qan içində gördük. Sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər”.
 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlil 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər