Fotoda: Lütvəli Babayev
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Babəli Babazadə ifadə verib. O, şüşə qəfəsdə əyləşən hər iki müttəhimin onun başına oyun açdığını deyib:
"Məlum olduğu kimi mənim vergi borcum var idi. Bu məsələ ilə bağlı Aruzla tez-tez görüşürdüm. Sonra elə oldu ki, məni Türkiyəyə göndərməsinə razılaşdıq. Dedi ki, Ehtiram gələcək əmlakları idarə etmək üçün ona etibarnamə ver. Sonra bildim ki, hər iki əmlak satılıb.
Azərbaycanda qeyd edilənləri araşdırdım. Dedim ki, heç olmasa evimi geri qaytarın. 600 minlik evim Aruzun adında idi. Ev yoxdur. Gah dedi ki, 900 min manat vergiyə vermişəm, gah dedi ki, nişana vermişəm. Ortada heç bir sübut yoxdur. Soruşuram ki, obyekti hansı notariusda alqı-satqı etdirmisən? Demir. Yaxşı, 570 min manat hanı? Xahiş edirəm, pulu kimə verib desin. Bilmək istəyirəm, iki milyon manat kimə və ya hara verilib?"
Zərərçəkmişin dedikləri təqsirləndirilən Ehtiram Kərimovu özündən çıxarıb:
"Düz danış, kəfənini əyninə geyinib gəlmişdin. Səni pis vəziyyətdən çıxardıq. Sənə etdiklərim gözündən gəlsin. Tüfeyli kimi hotellərdə qalmışdın. Bir ildir, mən burada girovam".
Fotoda: Aruz Əliyev
Məhkəməyə sədrlik edən hakim Mahirə Kərimova bu sözlərinə görə Ehtirama xəbərdarlıq edib.
İfadəsinin sonunda Babəli Babazadə başına gələnlərdən sonrakı yaşayışından gileylənib:
"Onsuz da gedən gedib məndən. Ailə qura bilmirəm, rüsvay olmuşam. Bütün həyatım məhv oldu".
Proses fevralın 6-da davam edəcək.
Xatırladaq ki, Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.