Kriminal
1204
08 Jan 2025 | 13:31

"Mənə deyildi ki, 180 manat qoysan 1000 manat götürəcəksən" - "LOTEREYA İŞİ"

"Yardımlaşma kampaniyası" adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmədə zərərçəkmişlər dindirilib.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Sevinc Şamilova ifadə verib.
 
S.Şamilova ifadəsində bildirib ki, ona məktəbdə Könül adında valideyn deyib ki, bir lotereya var - müəyyən miqdarda pul qoyub, sonra xeyrinə pul götürürsən:
 
"O, Tənzilə xanımla danışandan sonra məni bu qrupa əlavə etdi. Əvvəlcə az miqdarda, 250 manat qoydum. Həmin oyundan birinci dəfə 951 manat, ikinci dəfə isə 700 manat götürdüm. Mənə ümumilikdə dəyən ziyan isə 7 min 110 manatdır".
 
Zərərçəkmiş Nuranə Əlipənahova bildirib ki, gözəllik salonunda işləyir və bu qrup barədə məlumatı elə salonda eşidib:
 
"May ayında ilk dəfə bu qrupa 180 manat qoydum. Mənə deyildi ki, 180 manat qoysan, 1000 manat xeyir götürəcəksən. Sonra ardıcıl üç dəfə min manat qoydum, lakin mənə çatacaq olan pulu götürmədim. Hətta bir dəfə Tənzilə xanımdan 100 manat istədim, onu da tez bir zamanda özünə qaytardım. Mənə dəymiş ümumi ziyan isə 4 870 manatdır".
 
Zərərçəkmiş Yeganə Babacanovanın sözlərinə görə, belə bir lotereyanın mövcudluğunu və müəyyən qədər pul qoyub, ikiqatını götürəcəyini eşidib:
 
"Qardaşımla danışanda dedi ki, sən hələ qoşul, yaxşı olsa, biz də qoşularıq. Mən bir neçə dəfə 1 000 manat qoydum. Tənzilə bizə şirnikləndirici səslər atırdı. Səsdə deyilirdi ki, əziz xanımlar, ərlərinizdən nə vaxta qədər asılı olacaqsınız, biznes qurmaq vaxtıdır. Mənə ümumi dəymiş ziyan 10 min manata yaxındır. Bütün çeklər əlimdədir. Bizim qrup rəhbəri Aygün Abbasova idi".
 
Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.
 
Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp" qrupu yaradıb. O, bu qruplar vasitəsilə vətəndaşları aldadaraq, onların külli miqdarda pullarını ələ keçirib. Belə ki, o, vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.
 
Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.
 
Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Link kopyalandı!
Son xəbərlər