Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İsmayılovu xidmət başında döyən müharibə iştirakçısı hakim qarşısına çıxarılıb.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Elməddin Əhmədovdur. O, Vətən Müharibəsində iki dəfə yaralanaraq kəllə-beyin travması alıb və ona 3-cü dərəcə əlillik müəyyən edilib. E.Əhmədov bundan sonra mənzil növbəsinə dayanıb. Amma mənzil növbəsinin gec çatması onu özündən çıxarıb.
Əhmədov bir neçə dəfə Sosial Xidmətlər Agentliyinə gedərək mənzillə təmin olunmasını tələb edib. Ona bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında bir və ya iki otaqlı mənzillər yoxdur. Olduğu halda isə növbəlilik qaydasına görə ondan əvvəl növbədə duran şəxslər var.
Müəyyən edilib ki, sonuncu hadisədən əvvəl E.Əhmədov Sosial Xidmətlər Agentliyinə gedən zaman orada mübahisə edib və pəncərənin şüşəsini sındırıb. Sonuncu dəfə də Sosial Xidmətlər Agentliyinə gedərək növbədən kənar şəkildə qəbul edilməsini istəyib. Ona qəbula yazılmadığı izah olunub. Bildirilib ki, növbədəki şəxslər qəbul edildikdən sonra onu da qəbul edəcəklər.
Həmin gün E.Əhmədov Zaur İsmayılovun qəbulunda olub. Yenə də mənzillə təmin edilməsini istəyib. Ona mənzil növbəsində ondan əvvəl başqa şəxslərin olduğu izah olunub. Amma Əhmədov bununla razılaşmayıb və Zaur İsmayılova hücum edərək onun sifətinə zərbələr endirib. Ətrafda olanların müdaxiləsi ilə onu sakitləşdirərək polis əməkdaşlarına təhvil veriblər.
E.Əhmədova qarşı Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə dindirilən Elməddin Əhmədov özünü təqsirli bilməyib.
Deyib ki, əlillik müəyyən ediləndən sonra yaşayış evi olmadığı üçün ev növbəsinə qeydiyyata alınıb. Mənzil almaq üçün dəfələrlə Agentliyə getdiyini deyən E.Əhmədov ona heç bir köməklik göstərilmədiyini bildirib.
Zaur İsmayılovu vurmasına gəlincə, E.Əhmədov bildirib ki, baş verənləri xatırlamır: “Onu vurmağım, hər hansısa bir xəsarət yetirməyim yadımda deyildir. Xəstəliyimlə bağlı baş verənləri xatırlamıram”.
Zərərçəkmiş sədr müavini Zaur İsmayılov məhkəməyə gəlməyib. Onu nümayəndəsi təmsil edib.
Z.İsmayılov istintaq zamanı ifadəsində bildirib ki, Elməddin Əhmədovun adı həmin gün qəbul olunacaq şəxslərin siyahısında olmayıb. Lakin onu qəbul ediblər.
“Onun narazılığının qarşısın almaq üçün qəbul edəcəyimizi bildirdik. Siyahıda olan şəxsləri qəbul etdikdən sonra onu qəbul etdim. Qəbul zamanı dərhal həmin gün mənzillə təmin olunmasını tələb etdi. Bunun mümkün olmadığını izah etdim. Qəflətən mənə tərəf yaxınlaşaraq üzərimə hücum edib yumruqla sifətimə zərbələr vuraraq xəsarət yetirib”- deyə Z.İsmayılov əlavə edib.
Z.İsmaylov təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza verilməsini istəyib.
E.Əhmədov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, bu müddət ərzində elektron nəzarət vasitəsi gəzdirəcək.