Bizi sosial şəbəkələrdən izləyin:
Sabunçu rayonu, Qala Ramana ərazisində baş verən bıçaqlama hadisəsinin təfərrüatı məlum olub. Dost olan tərəflər arasındakı mübahisə “qız söhbəti” ilə başlayıb. Onlardan biri Vətən müharibəsi iştirakçısıdır.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov qeyd edilən ünvanda birlikdə kirayədə yaşadığı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə bıçaqla xəsarət yetirib.
Hadisə zamanı onları ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb.
Mürşüd gizir kimi 2021-ci ilə qədər hərbi xidmətdə olub. 2-ci Qarabağ müharibəsində də iştirak edib və bir neçə medalı var. Mürşüd bıçaqladığı Səfiyarı da hərbi xidmətdən tanıyır, əsgər yoldaşı olublar. Onlar birlikdə avtomobil rəngləmə sənətini öyrənirmişlər.
İstintaq zamanı müəyyən edilib ki, Səfiyarın görüşdüyü qadın tanışı olub. Həmin qadın da öz rəfiqəsini Mürşüdlə tanış edib. Dostlar tez-tez xanımlarla görüşüb istirahət edirmişlər. Bir gün Səfiyar yenə xanımlarla görüşməyi təklif edib. Mürşüd isə pulunun olmadığını deyib. Səfiyar həmin görüşə başqa bir dostunu aparıb. Bundan xəbər tutan Mürşüd narazılıq edib. Səfiyara deyib ki, onun bu hərəkəti dostluğa xəyanətdir. Səfiyar isə həmin qadınların yüngül əxlaqlı olduğunu deyib və buna görə mübahisə etmələrinin doğru olmadığını deyib.
Mürşüd mübahisəni davam etdirib və Səfiyar onun sifətinə yumruq zərbələri endirib. Mürşüd Səfiyara güc gələ bilməyəcəyini bildiyi üçün evə gedərək bıçaq götürüb. Səfiyarla görüşə gələrək ona bıçaqla zərbə vurub. Hər ikisi hadisə yerindən qaçıblar.
Mürşüd ifadəsində əməlindən peşman olduğunu deyib və dostu ilə barışdığını söyləyib. Səfiyar da dostunu bağışladığını söyləyib.
Məhkəmənin hökmü ilə Mürşüd Dəmirova şərti cəza verilib.