“AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, MMC-nin işçiləri – Sənan Quliyev və Telman Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səfa Mustafayev ifadə verib.
O bildirib ki, elektrik ustası olub, Telman Fətəliyevi tanıyıb. Onun sözlərinə görə, Telmanla əlaqədə olub və onların tapdıqları evlərdə təmir işlərini görüblər.
Onun sözlərinə görə, usta kimi işləsələr də, onların pulları verilməyib: "Biz müqavilə şərtləri ilə iş görmüşük. Amma rəsmi müqavilə olmayıb. Telman müəllimlə sözləşmişik, işləri görmüşük. Mənim işim elektrik işini görməkdən ibarət olub. Bizim narazılığımız olmayıb, amma gördüyümüz işin pulları gecikdirilirdi".
Digər şahid Orxan Bədəlov bildirib ki, 2021-ci ilin aprel ayının əvvəlində sosial şəbəkədə MMC-nin reklamını görüb, reklamda təmir işlərində endirimlər olduğu qeyd olunub və o da bundan yararlanmaq istəyib:
"Buna görə də onlarla görüşdük, müqaviləni oxudum. Həmin gün 19 min, səhəri gün 20 min manat verdim. Mayın 1-də işə başlayacaqdılar. Lakin başlamadılar. Sənan müxtəlif bəhanələr gətirdi. Dedi ki, hüzürüm düşüb, uşağın qolu sınıb. Sonradan Telman bir qrup fəhlə ilə gəldi. Evdə işə başladılar, həftədə bir usta gəlirdi. Sonra Sənanla, Telmanla danışdım, bəhanələr gətirdilər. 5 ay müddətinə təmir işlərinə söz verdilər. Amma iş uzandı. Bizə ziyan dəyib. Sonradan onların etdiklərini təmizlədim, işi yenidən gördüm. Mənə ikiqat ziyan dəyib. Amma 20 min manatını istəyirəm, qalanını istəmirəm. Mənim yoldaşım bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Bizə dəymiş ziyanın ödənilməsini istəyirik".
Orxan Bədəlov bildirib ki, mənzillərini sonradan özləri təmir etdiriblər, bu şəxslər onların evlərində heç bir iş görməyiblər:
"Sənanın qardaşı Kənanı tanımışam. Bir yerdə Rusiyada olmuşuq. Kənanın vəsaitəsilə Sənanı tanımışam".
Şahid qismində ifadə verən Cavid Qəhrəmanov bildirib ki, zərərçəkmiş qismində tanınmış Rəşid Qəhrəmanovu tanıyıb.
Onun sözlərinə görə, mənzillərini təmir etdirmək üçün sosial şəbəkədə təmir işləri ilə məşğul olan şəxslərin yerləşdirdikləri elan qarşısına çıxıb:
"Orada olan endirimli təmir işləri ilə məşğul olduqlarıını gördüm. Əlaqə saxladım və şirkətlərinin ofisinə getdim. Orada mənə dedilər ki, mənzili 5 ay ərzində təmir edəcəklərinə söz verirlər, Qurban bayramı ilə əlaqədər da təmir işlərində endirim var. Mən də razılaşdım. Bildirdilər ki, vergi ödəməmək üçün pulu əlbəəl istəyirlər. Mən də işim getsin deyə razılaşdım, pulu onlara verdim. Sonra iş gecikdi. Sənana zəg etdim. Dedi ki, mən dövlət tədbirindəyəm, Telmanla əlaqə saxla, bu işin üstündə Telman dayanacaq. Telman da işi Kənanın görəcəyini dedi. Gördüm ki, bunlar işə görmək istəmirlər. Valideynlərimə bu barədə məlumat verdim. Sonra ödənişi geri qaytarmaq üçün əlaqə saxlasaq da, əlaqə qura bilmədik. Güclə sonradan onlarla görüşə bildik. Dedik ki, pulu qaytarın, yoxsa polisə şikayət edəcəyik. Sənan dedi ki, biz hər pulu qaytarsaq nə olardı, biz heç bir pulu qaytaran deyilik, bizim arxamızda dayanan var. Buna görə də hüquq-mühafizə orqanlarına şikayət etdik. Sənanla görüşdük, dedi ki, polisə, prokurorluğa şikayət edibsiz, onlar sizin pulu qaytarandılar? Beləcə söhbət uzandı, iş məhkəməyə qədər gəldi. Bizim pulumuzu ələ keçiriblər. Təqsirləndirilən şəxslərdən şikayətçiyəm".
Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçiriblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş şəxslərdən biri – Əli Nuriyev birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenantdır. O, Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədilə 2021-ci ilin iyunun 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib. /Teleqraf.com/