Novxanıdakı reabilitasiya mərkəzində nə baş verib? - Alxanovun həbsinin şok detalları
Kriminal
2024
06 Dec 2024 | 11:58

Novxanıdakı reabilitasiya mərkəzində nə baş verib? - Alxanovun həbsinin şok detalları

“Həyat üçün şans” reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanovun həbs edilməsinin bəzi detalları məlum olub.
 
Moderator.az xəbər verir ki, mərkəzdə narkotik istifadəsinə görə müalicə alan pasiyentlərə dözülməz işgəncə verilməsi iddia olunur. Qeyd olunur ki, bu yaxınlarda mərkəzdə müalicə alan pasiyentlərdən biri aldığı işgəncə nəticəsində vəfat edib.
 
Faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb. Aparılan araşdırmalar nəticəsində mərkəzin faktiki rəhbəri Elgiz Alxanov saxlanılıb. Daha bir neçə nəfərin də saxlanıldığı deyilir.
 
Hazırda hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, “Həyat üçün şans” reabilitasiya mərkəzi Novxanı qəsəbəsində yerləşir. 18 filialı olan reabilitasiya mərkəzi 5 ildir fəaliyyət göstərir. İddialara görə, mərkəz 5 ildir fəaliyyəti göstərsə də, narkomaniyadan əziyyət çəkən şəxslərə müalicə göstərməsi üçün heç bir lisenziyası yoxdur.
 
Mərkəzdə narkomaniyadan və "ağ ölüm"dən əziyyət çəkən 80-ə yaxın pasiyent olub.
 
Onu da qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur. Vətəndaşların müraciəti əsasında narkomaniya və "ağ ölüm"lə mübarizədə onlara köməklik edirlər. Lakin bu tipli müəssisələrdə əvvəllər də bir neçə dəfə ölüm halları qeydə alınıb.
 
Bir neçə il əvvəl Novxanı qəsəbəsində yerləşən "Nyu Layf” reabilitasiya mərkəzində ölüm faktı qeydə alınmışdı.
 
Həmin müəssisədə də narmomaniyadan müalicə alan şəxslərə xüsusi işgəncələr verilməsi faktları aşkarlanıb.
 
Hadisə nəticəsində pasiyent Hüseyn Məmmədov həyatını itirib, digər üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev həmin iş üzrə zərərçəkmiş qismində tanınıb.
 
“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.
 
Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə, lisenziyası yoxdur. Bu üzdən təqsirləndirilən 5 nəfərdən üçünə - Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə başqa maddələrlə yanaşı, həm də qanunsuz sahibkarlıq ittihamı verilib.
 
Qalan ikisi – Qənbər Həsənov və Sərxan Əliyev də daxil olmaqla, 5 nəfərin hamısı əzab vermə, qanunsuz azadlıqdan məhrumetmə kimi əməllərdə suçlanıb.
 
Cinayət işinin materiallarında göstərilir ki, “Nyu Layf” reabilitasiya mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.
 
Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.
 
İttihama görə, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutaraq döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra pasiyentin vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
"Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəz rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
Məhkəmənin hökmü ilə Famil Rzayev 8 il, Orucəli Heydərovla Elvüsal Hüseynovun hər biri 7 il, Sərxan Əliyevla Qənbər Həsənov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Eyni əməllərə görə “Nyu Layf” reabilitasiya mərkəzin məsləhətçisi Fərhad Əliyevin barəsində ayrıca icraatda cinayət işi başlanıb və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
O, 6 il müddətinə azadlıqdan mərhum edilib. /Teleqraf.com/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər