Bizi sosial şəbəkələrdən izləyin:
Liftlərin təmiri və quraşdırılması üçün ayrılmış iki milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən "Bakılift-2" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə qərar verilib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin onun barəsində olan qərarından verilən şikayətə baxılıb. Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, onun barəsində 2019-cu ildə cinayət işi başlanıb. İttihama görə, Ruslan Dilanov dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəyib.
Həmçinin dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə edilməməsində ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2021-ci ildə sabiq rəisin barəsində bəraət hökmü çıxarıb.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının R.Dilanov barəsində olan protestini təmin edib. Məhkəmənin qərarı ilə bəraətverici hökm ləğv edilib və sınaq müddəti seçilməklə ona şərti cəza verilib.