Qardaş iraqlı oğlanla eşq yaşayan bacısını qətlə yetirdi:
Kriminal
725
04 Dec 2024 | 14:08

Qardaş iraqlı oğlanla eşq yaşayan bacısını qətlə yetirdi: "Atamı məcbur etdi..." - ŞOK

Cəlilabad rayonunda 2006-cı il təvəllüdlü Fəqan qısqanclıq zəminində bacısı Güneli (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 16 may 2023-cü ildə baş verib.
 
Fəqan saat 14 radələrində həyətdə işlərini yekunlaşdırıb evə daxil olduqda bacısı Günelin internet vasitəsi ilə tanış olduğu İraq vətəndaşı Hüseyn adlı şəxslə sevgi münasibəti saxlamasını, həmin ölkəyə göndərilməyi tələb etməsini, əxlaqa və mentalitetə uyğun olmayan davranışlarını xatırlayıb.
 
Fəqan bacısının otağına getdikdə onun yenidən Hüseynlə danışmaq istədiyini bilib, onunla mübahisə edib. Günelin əxlaqa zidd hərəkətlərinə görə qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Otaqda yerdə olan bel kəmərini götürüb və çarpayıya tərəf gedən bacısının boynuna ilgək formasında keçirib. Daha sonra kəməri möhkəm sıxıb.
 
Günelin qışqırıq səsinə gəlmiş anası Lətifənin Fəqanı kənara itələdiyi üçün kəməri buraxıb və otaqdan çıxıb.
 
Lakin göstərilən yardımlara baxmayaraq Günelin həyatını xilas etmək mümkün olmayıb.
 
İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
“Şok vəziyyətində oldum”
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mayın 16-da səhər saat 10 radələrində yuxudan oyanıb, yemək yedikdən sonra həyətdə velosipedini təmir edib: “Atam məsciddə işləməyə getmişdi. Velosipedi rəngləmək üçün "kraska" almaq istədim. Anam əvvəl pul vermədiyi üçün bir az əsəbiləşdim. Sonra pulu verdi. Çölə çıxaraq "kraska" aldım, məsciddə işləyən atamın yanına getdim.
 
Atam məsciddə beton işləri ilə məşğul olurdu. Orada olarkən atama zəng gəldi. Nə olduğunu soruşsam da, mənə heç nə demədi. Atamla birlikdə evə getdik. Küçəyə çatanda çoxlu adam yığıldığını gördüm. Həyət girdikdə bacım Günelin vəfat etdiyi deyildi. Atam ağlaya-ağlaya evə girdi. Mən də şok vəziyyətində oldum. Bacımın hüzr mərasimində, dəfnində iştirak etdim”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 19-da gecə saatlarında onu polis şöbəsinə aparıblar: “Orada polis əməkdaşı və müstəntiq mənə bacımı öldürməyim barədə danışdılar. Mən bunu inkar etdim, əvvəllər bacım özünü öldürmək istəssə də, bunun qarşısını aldığımı bildirdim. Buna görə məni döydülər, həmçinin atamı və anamı da həbs edəcəkləri ilə hədələdilər.
 
Bu təzyiqlərə görə bacımı öldürməm barədə ifadə verdim. Bütün olmayan şeyləri mənə yazdırdılar”.
 
“Bacım dəfələrlə özünü öldürmək istəyib”
 
Fəqanın sözlərinə görə, ailədə iki uşaq olublar, mərhum bacısı ondan 3 yaş böyükdü: “Bacımın hansı səbəbdən vəfat etməsindən xəbərim yoxdur. O, dəfələrlə özünü öldürmək istəyib, özünü doğrayıb.
 
Mən evdən çıxanda anam və bacım evdəydi. Anam işləmir, daim evdə olur. Anamdan bacımın ölümü barədə soruşduqda, bildirdi ki, kəmərlə özü-özünü boğub, buna görə onu müalicə etmək üçün təcili tibbi yardım çağırıblar. Mən həmin vaxt evdə olmadığımdan bacımın necə öldüyünü bilmirəm.
 
Bacımın istədiyi vardı, ona vermədiyimiz üçün dəfərlərlə özünü öldürmək istəmişdi. Uzun müddət nənəmgildə qalmışdı. Son dövrlər isə bizimlə birlikdə olurdu.
 
Bacımla aramızda hər hansı ziddiyyət olmayıb. Onun istədiyi iraqlı Hüseyn adlı oğlanla telefonla danışmasını bilmişəm. Həmin şəxslə danışmağa qoymasaq da, bacım danışmağa davam edib. Bu barədə bacıma da, Hüseyn adlı şəxsə də demişik. Ən çox anamın telefonu ilə həmin oğlanla danışırdı. Telefonu anamdan xəbərsiz götürürdü. Bacımın Hüseynlə danışmasına görə evdə narazıçılıq yaranmışdı”.
 
“Özünü öldürmə səbəbini izah edə bilmirəm”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 16-da bacısı Güneli sonuncu dəfə səhər görüb: “Günelin əvvəllər özünü öldürməyə cəhd etməsi barədə hər hansı orqanda araşdırma olmayıb. Samanlıqda özünü öldürməyə hazırlaşdığını güman edəndə ondan belə etməməyi xahiş etmişəm. Hətta onu başa salmaq istəmişəm ki, lazımsız adama görə özünü öldürməsin.
 
Bacımın özünü boğduğu kəmərin atam tərəfindən yandırılması ilə bağlı onu deyə bilərəm ki, Günelin özünü həmin kəmərlə boğmasını anamdan eşitmişəm, atam isə kəməri təmizlik məqsədi ilə yandırıb.
 
Həmin gün, saat 14 radələrində evə daxil olarkən bacımla yox, anamla mübahisə etmişəm. Evdən nə vaxt çıxdığımı dəqiq deyə bilmirəm. Lakin evə atamla birgə qayıtmışam. Günelə telefonla danışması üçün şərait yaratdığımız halda hansı səbəbdən özünü öldürməsini izah edə bilmirəm”.
 
“Evlənmək istədiyini bildirdi”
 
Məhkəmədə təqsirləndirilən şəxsin ibdidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədən görünür ki, bacısı Günel təxminən 2015-ci ildən 2023-cü ilin mart ayına qədər babası Babaya məxsus evdə yaşayıb:
 
“Lakin bacım babamın evində mobil telefonla oğlanlarla danışdığı üçün atam nəzarət etmək üçün onu yaşadığımız evə gətirdi.
 
Günel bizimlə birlikdə yaşamağa başladıqda mənə və valideynlərimə internet vasitəsilə əslən İraqdan olan və orada yaşayan Hüseyn adlı bir oğlanla tanış olduğunu, aralarında sevgi münasibəti yarandığını, onunla evlənmək istədiyini bildirdi. Valideynlərim, eləcə də mən bunun mümkün olmadığını dedik.
 
Atam Güneli yaşadığımız evə gətirdiyi gün onun mobil telefonunu əlindən alaraq sındırdı, odun sobasına atdı. Hər gün Günel İraqda yaşayan Hüseynlə evlənmək istədiyini, Hüseynin Azərbaycana, yaşadığımıız Cəlilabad rayonuna gələrək onu İraqa aparacağını dedi”.
 
“Atamı həmin oğlanla danışdırdı”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Günel gizlincə onun, atasının və anasının telefonunu götürərək İraqda yaşayan Hüseyn adlı şəxslə danışıb:
 
“Hüseyn türk dilində danışırdı. Mən Günelin onunla türk dilində danışmasını eşitmişəm. Bununla bağlı, demək olar, hər gün aramızda mübahisə olurdu. Valideynlərim də, mən də Günelin bu hərəkətlərindən bezmişdik. Dəfələrlə ona ağılsız hərəkətlər etməməyi, oğlanın Azərbaycana gəlməyəcəyini, gəldiyi halda belə onun həmin şəxslə evlənərək ölkədən getməsini istəmədiyimizi dedik.
 
Bacımsa hər gün ağlayaraq yalvardığı üçün atam məcbur qalıb həmin oğlanla danışacağını bildirdi. Bundan sonra Günel atamı “WhatsApp” proqramı vasitəsilə özünü Hüseyn kimi təqdim edən oğlanla danışdırdı. Hüseyn “WhatsApp” proqramında xatırlamadığım xarici nömrə ilə qeydiyyatdan keçmişdi.
 
Hüseyn həmin vaxtdan tez-tez atama zəng edərək Azərbaycana gəlib Günellə evlənəcəyini, atam isə hər dəfə ona Azərbaycana gəlməməsini, Güneli ona verməyəcəyimizi deyirdi”.
 
“Bizi el içində rüsvay edəcəyini dedim”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir nəfər atasına zəng edərək İraqda yaşayan Hüseynin dostu olduğunu, Bakı şəhərində yaşadığını, Hüseyn Azərbaycan gələ bilmədiyi üçün o özü Cəlilabad rayonuna gələrək Güneli İraqa aparmaq istədiyini deyib: “Atam etiraz etdi, zəng edən şəxsə Cəlilabada gəlməməyi tapşırdı, bizi rüsvay etməməsini dedi.
 
Bacım Günel bunu bildikdə bizdən narazı qaldı, atamdan Hüseynin dostunun onu İraqa aparmasına icazə verməsini tələb etdi. Valideynlərim, eləcə də mən Günelə onun aldadıldığını, həmin şəxslərə inanıb gedəcəyi halda rüsvay olacağımızı dedik. Lakin Günel bizim sözlərimizə əhəmiyyət vermədi, İraqa Hüseynin yanına gedəcəyini bildirdi. Bundan başqa, tez-tez mənim və ya valideynlərimin telefonunu götürərək öz otağında bizimlə əhəmiyyət vermədən Hüseyn adlı oğlanla danışmağa başladı.
 
Günelin bu hərəkəti məni qıcıqlandırırdı. Hər dəfə məni və valideynlərimi boğaza yığdığını, məni və atamı kişi kimi saymadığını, bizi el içində rüsvay edəcəyini deyirdim. Günel dediklərimə əhəmiyyət vermirdi”.
 
“Mənim işimə qarışa bilməzsiz”
 
Fəqanın sözlərinə görə, mayın 16-da səhər saatlarında yuxudan oyandıqdan sonra valideynləri ilə birlikdə səhər yeməyi yeyib: “Günel öz otağında idi. Atam yemək yedikdən sonra yaxınlıqda yerləşən məsciddə işləməyə getdi. Atam tikintilərdə usta işləyərək ailəmizi dolandırırdı. Anam isə evdar qadındır.
 
Mən yemək yedikdən sonra evdə bir qədər vaxt keçirdim, daha sonra həyətə düşərək velosipedinin detallarını sökməyə başladım. Saat 16 radələrində velosipedi tam sökdükdən sonra həmin vəziyyətdə qoyub yaşadığım evə getdim. Hazırlaşaraq atamın yanına getmək istəyirdim.
 
Üst-başımı düzəltdikdən sonra saçımı daramaq üçün bacım Günelin otağına daxil oldum. Günel çarpayısında uzanmış vəziyyətdəydi. Termonun qarşısında saçımı daradığım vaxt Günel çarpayıdan qalxdı və mənə tərəf gələrək Hüseynlə danışmaq üçün mobil telefonu ona verməyimi istədi.
 
Mən həmişəki kimi Hüseynlə danışmasına etiraz etdim. Lakin Günel kimlə istəyirsə danışacağını, atasının və qardaşının onun işinə qarışa bilməyəcəyini bildirdi.Bu sözlərə əsəbiləşəırək onu öldürmək qərarına gəldim. Üst geyimimin üzərindəki kəməri çıxardım. Əsəbiləşdiyimi və kəməri çıxardığımı görən bacım “neyləmək istəyirsən, neyləmək istəyirsən” deyərək geriyə döndü, öz çarpayısına tərəf getmək istəyərkən kəməri arxadan onun boynuna doladım, möhkəm sıxaraq boğmağa başladım. Müqavimət göstərdiyinə görə ayaq üstə boğa bilməyəcəyimi gördüm. Üzü üstə yerə yıxaraq boğmağa davam etdim.
 
Təxminən 2-3 dəqiqə sonra Günelin hərəkət etmədiyini gördüm və onun öldüyünü bildim. Həyəcanlı halda əsə-əsə otaqdan çölə çıxdım. Tövlənin qarşısından evin girişinə tərəf gələn anam həyəcanlı olduğumu gördü, nə olduğunu soruşdu.
 
Mən cavab verənə kimi anam Günelin otağına daxil oldu və onun boğazında kəmər olduğunu və hərəkətsiz qaldığını görüb qışqırmağa başladı.
 
Anam həyəcanlı halda yanıma gəldi, niyə belə iş gördüyümü soruşdu. Mən də Günelin Hüseynlə danışmaq üçün telefon istədiyinə görə aramızda mübahisə yarandığını, onu boğduğumu bildirdim. Anam mənə “niyə evimizi yıxdın” dedi. Həyəcanla evdən çıxaraq məscidə atamın yanına getdim”.
 
“Oğlum günahsızdır”
 
İş üzrə zərərçəkmiş Günelin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mayın 16-da səhər saatlarında məscidə beton tökmək üçün gedib: “Fəqan evdəydi, velosipedini təmir edirdi. Məsciddə iş görərkən oğlum Fəqan gəldi, əlində qara rəngli "kraska" vardı. Yeznəm zəng edərək təcili evə gəlməyimi istədi. Narahat olaraq Fəqanla birlikdə evə getdi.
 
Evə çatdıqda həyətimizdə adamları və təcili tibbi yardım maşınını gördüm, qızım Günelin vəfat etdiyini bildim. Dəfn işləri ilə məşğul olduqdan sonra mayın 19-da evimə bir maşın gəldi. Gələn şəxslər Fəqanı apararaq dindirəcəklərini dedilər, onu apardılar. Bundan sonra oğlumu həbs etdilər”.
 
Hüquqi varis qeyd edib ki, qızı Günelə telefonla Hüseyn adlı şəxsə danışmağa şərait yaradıb, lakin boş vaxt itirdiyini ona başa salmağa çalışıb: “Qızım hər dəfə həmin oğlanla danışdıqdan sonra ona elçi gələcəyini desə də, oğlan gəlmədi. Buna görə qızım narahatçılıq keçirdi. Mənim oğlum günahsızdır”.
 
“Qızım özünü öldürüb”
 
Qətlə yetirilən qızın atasının sözlərinə görə, Günelin hansı formada ölməsi ilə bağlı həyat yoldaşından soruşub, həyat yoldaşı Günelin özünü öldürdüyünü bildirib: “Lakin hansı formada özünü öldürdüyünü demədi. Yoldaşım kəməri göstərərək Günelin özünü bu kəmərlə öldürdüyünü bildirdi. Sonra da kəməri həyətə atdı. Həyəti təmizləyən şəxslərdən kimsə kəməri təndirə ataraq yandırdı.
 
Günel əvvəllər özünə xəsarət yetirməsə də, onun intihar fikrində olmasını hiss etmişəm. Telefonla danışanda rahat olur, danışmayanda halı pisləşirdi.
 
Hadisə baş verən gün Fəqan mənim yanımdaydı. Qızım Güneldə, hesab edirəm ki, psixi pozuntu vardı. Ona paltar almağı, saçını düzəltdirməyi təklif etsəm də, sanki öz aləmində olurdu. Günel özünü öldürüb”.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Link kopyalandı!
Son xəbərlər