Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıq etməkdə ittiham olunan “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elçin Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 16-na təyin olunub.
Nurəddin Cəlilov Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, bundan əvvəl də eyni ittihamla Ağadadaş Ağayevin də cinayət işi ayrı icraatda Binəqədi Rayon Məhkəməsinə göndərilib. Ağadadaş Ağayevin cinayət işinə hakim Vüsal Tağıyevin sədriyi ilə baxılır.
İttihama görə, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.
Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.