Qadın ərindən gizlin qonşu ilə intim əlaqədə oldu:
Kriminal
387
14:19, Bu gün

Qadın ərindən gizlin qonşu ilə intim əlaqədə oldu: "Necə kişisən ki..." – Şok təfərrüat

Ağcabədi rayonunda 1992-ci il təvəllüdlü Xəlil qısqanclıq zəminində mübahisə zamanı qardaşı arvadı Səidəni (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Xəlil qardaşı arvadı Səidənin Ağdam rayonunun kəndində qonşuluqda yaşayan həmkəndlisi Camalla sevgi münasibəti saxladığına əmin olub.
 
Bundan sonra o, Səidəni öldürmək qərarına gəlib. 2 may 2024-cü ildə saat 14 radələrində Bakı şəhərindən Səidənin həmin vaxt yaşadığı atasına məxsus Ağcabədi rayonunun kəndindəki evinə gəlib. Yataq otağında təklikdə olan Səidənin üzərinə hücum edib, bir əli ilə onun saçından tutub, digər əlindəki bıçaqla boyun nahiyəsinə bir neçə dəfə vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
 
İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
“Aləsini dağıtmamağı tələb elədi”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı Seymur həyat yoldaşı Səidə və uşaqları ilə Ağdam rayonunun kəndində yaşayıblar: “Mən isə Bakının Qala qəsəbəsində anam, arvadım və azyaşlı qızımla yaşamışam.
 
2024-cü ilin martında Bakı şəhərində anamın mobil telefonunda “Whatsapp” mobil tətbiqində olan mesajlara baxarkən qardaşım Seymurun anama atdığı səsli mesajlara qulaq asdım. Mesajlar bir qadın tərəfindən göndərilmiş, Seymur da həmin səsli mesajları anama yönəltmişdi.
 
Qadın qardaşım arvadının yüz kişinin altına yıxıldığını, onun bacısının ailəsini dağıtdığını iddia edir, elə qadını evində nə üçün saxladığını, qürurunun, kişiliyinin olmadığını söyləyirdi.
 
Qardaşıma zəng edərək səsi göndərən qadının kimliyini və mesajda dediklərinin doğru olub-olmadığını soruşdum. Seymur bildirdi ki, mesajı ona kənddə qonşuluqda yaşayan Camalın baldızı göndərib, mart ayında Camalın arvadı onun evinə gələrək Səidə ilə mübahisə edib, əri Camalla Səidənin münasibəti olduğunu, ərindən əl çəkmədiyini söyləyib”.
 
“Başını kəsərək öldürəcəyimi dedim”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qardaşı Seymurla Səidə arasında mübahisə yaranıb:
 
“Seymur Səidədən bu barədə soruşduqda, o, Camalın arvadının danışdıqlarının böhtan olduğunu bildirib. Seymur isə mübahisə edərək arvadını atasının Ağcabədi rayonunun kəndindəki evinə aparıb və boşanacaqlarını bildirib. Uşaqlar Seymurun evində qalıblar.
 
Səidə bir neçə gün atası evində qaldı. Lakin bir müddət sonra Seymur bacanağı Əlinin məsləhəti ilə arvadıyla barışdı və Səidə öz evinə qayıtdı. Mən Səidə ilə telefonla danışaraq məsələni araşdıracağımı, əgər deyilənlər doğru olarsa, onun başını kəsərək öldürəcəyimi dedim. Səidə yenə Camalla heç bir münasibəti olmadığını bildirdi”.
 
“Evdə yataq otağında idi”
 
Xəlilin ifadəsinə görə, hadisədən 3-4 gün əvvəl qardaşı Seymurla telefonda danışıb, bu zaman Seymur ağlayaraq ona bildirib ki, arvadı Səidənin telefonda Camalla danışmasını eşidib. Səidə Camalın adını mobil telefonuna “Günay 4” kimi yazıb və onunla sevgi münasibətinin olduğunu etiraf edib: "Qardaşım Səidənin yenidən atası evinə getdiyini və onunla boşanmalı olduqlarını söylədi.
 
Qardaşım arvadının Camalla intim münasibətdə olmasına məndə tam əminlik yarandıqdan sonra ailəmizin namusuna ləkə gətirdiyinə görə onu öldürmək qərarına gəldim.
 
Ağcabədi rayonunun kəndinə gedərək atası evində qalan Səidəni öldürmək üçün mayın 1-də axşam saatlarında Qala qəsəbəsində yerləşən “Evkur” ticarət mərkəzindən bir cib bıçağı aldım. Mayın 2-də saat 8 radələrində evdən çıxaraq avtovağzala getdim, Ağcabədi rayonunun kəndinə yola düşdüm.
 
Sədinin atasının evinin yaxınlığına taksidən düşdüm. Həyətə daxil olanda orada heç kim yox idi. Evin qapısını açdım, otaqlara baxdım. Səidəni yataq otağında yerdə uzanılı vəziyyətdə gördüm. Bıçağı kəmərin altından çıxardım.
 
Səidə məni görən kimi yerindən qalxaraq dizi üstə pəncərəyə tərəf qaçmağa çalışdı. Onun üstünə hücum çəkdim, sol əlimlə saçından tutraq bıçaqla boğazının həm sağ, həm də sol nahiyəsinə bir neçə dəfə vurdum. Səidə yerə yıxılaraq xırıldamağa başladı”.
 
“Qardaşıma xəbər verdim”
 
Xəlil qeyd edib ki, daha sonra otaqdan çıxıb: “Səidənin bacısı Xanımla qarşılaşdım. O, əlimdə bıçağı görəndə qışqırmağa başladı və qaçaraq digər otağa keçdi. Mən evi tərk etdim, yola çıxan zaman taksi gördüm. Taksiyə minib məni Ağdam Rayon Polis Şöbəsinə aparmağı xahiş elədim.
 
Yolda bibimoğlu Teymura zəng edərək Səidəni öldürdüyümü, polis şöbəsinə getdiyim dedim. Teymurla danışandan sonra Seymura zəng edib xəbəri ona da çatdırdım.
 
Ardınca istifadəmdə olan mobil nömrədən Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət edərək qardaşım arvadı Səidəni öldürdüyünü bildirdim.
 
Səidəni öldürərkən istifadə etdiyim bıçağı polisə təhvil verdim”.
 
“Dedi, kişi olsan, arvadın fahişəlik edə bilməz”
 
İş üzrə şahid qismində ifadə verən Seymurun sözlərinə görə, 2012-ci ildə Səidə ilə ailə qurub, iki övladı ilə Ağdam rayonunun kəndində yaşayıblar:
 
“2024-cü ilin mart ayında arvadım Səidə və uşaqlarımla evdə olduğumuz zaman həmkəndlimiz Camalın arvadı Südabə bizə gəldi. O, Səidəyə əri Camalla intim əlaqəsinin olduğunu dedi, ərindən əl çəkməsini tələb etdi. O mənə arvadımı əriylə bir yerdə tutduğunu söylədi. Dedi ki, kişi olsan, arvadın fahişəlik etməz, mənim ərimlə yatıb durmaz.
 
Südabə gedəndən sonra Səidədən bu barədə soruşdum. O, Südabənin dediklərinin şər-böhtan olduğunu, Camalla arasında heç bir münasibət olmadığını bildirdi”.
 
“Ev dağıdanın, evi dağılsın”
 
Seymur qeyd edib ki, növbəti gün Camalın arvadı Südabənin bacısı ona “Whatsapp” mobil tətbiqi vasitəsilə mesaj göndərib: “Mən evdə arvadım Səidəyə Südabənin bacısının səsli mesajını göstərdim. Səidə yenə də Camalla heç bir münasibətinin olmadığını bildirdi.
 
Məsələni aydınlaşdırmaq üçün Camalı evimə çağırdım. Bir neçə dəqiqə sonra o bizə gəldi. Səidə Camala dedi ki, arvadının ağzını yığ, o bizim ailəni dağıdır. Camal isə Səidəyə “ev dağıdanın, evi dağılsın” deyib getdi. Bundan sonra Səidə paltarlarını yığışdıraraq atasının evinə getdi, uşaqları isə mənimlə qaldılar.
 
Mən Südabənin bacısının göndərdiyi səsli mesajı vatsapla anama göndərdim. Anam Səidədən boşanmağımı məsləhət gördü. İki-üç gün sonra Bakı şəhərində anamla yaşayan qardaşım Xəlil zəng edərək anamın telefonunda mesaja qulaq asıdğını dedi və bu barədə məndən soruşdu. Mən də Xəlilə baş verənləri danışdım və Səidənin deyilənləri inkar etdiyini bildirdi. Xəlil bu barədə Səidə ilə danışacağını dedi. Daha sonra onların danışıb-danışmadıqlarını bilmədim.
 
Səidə bir neçə gün atası evində qalandan sonra bacanağımın məsləhəti ilə onunla barışdım. Evə qayıdandan sonra əvvəl olduğu kimi mehriban şəkildə yaşamağa başaldıq”.
 
“Camaldan zəng gəldi”
 
Seymurun sözlərinə görə, aprelin 23-də saat 14 radələrində Səidənin yatdığı otağa keçən zaman onun mobil telefonuna zəng gəldiyini, telefonun səssiz rejimində olduğunu görüb:
 
“Zəng edən şəxsin adı telefonda “Günay 4” kimi qeyd edilmişdi. Nömrə qonşumuz Camala məxsus idi. “Günay 4” olaraq qeyd edilmiş nömrədən Səidəyə 3 dəfə zəng gəldiyini gördüm. Səidəni yuxudan oyatdım, Camalın nömrəsini hansı səbəbdən telefona “Günay 4” olaraq qeyd etdiyini, Camalın niyə ona zəng vurduğunu, Camalla nə münasibətinin olduğunu soruşdum.
 
Səidə cavab verdi ki, Camalın nömrəsini telefona o yazmayıb, ümumiyyətlə, telefona ad yaza bilmir, yəqin adı qızımız belə yazıb. O, yenə də Camalla heç bir münasibəti olmadığını bildirdi.
 
Onun üzünə bir şillə vurdum, Camalın nömrəsinin onun telefonuna niyə yazıldığını soruşdum. Səidə ilə mübahisə etməyə başladım, onu boşayacağımı dedim. O da paltarlarını yığaraq atasının evinə getdi.
 
Səidənin telefonunda “Günay 4” yazısını ekran çəkimi edərək şəkil formasında öz telefonuma, ordan da Səidənin bacılarına göndərdim. Axşam saatlarında uşaqları Səidənin atası evinə apardım ki, anaları ilə bir yerdə qalsınlar”.
 
“Arvadımı öldürdüyümü dedi”
 
Seymur qeyd edib ki, aprelin 24-də Səidənin atası evindən uşaqları məktəbə getmələri üçün evinə gətirib:
 
“Səidəyə boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edəcəyimi bildirdim. Bir qədər sonra qardaşım Xəlil zəng edərək baş verənlər barədə soruşdu. Ona hər şeyi olduğu kimi danışdım.
 
Xəlil mənə narahat olmamağı tapşırdı, boşanmağımı, uşaqları isə öz yanımda saxlamağı məsləhət bildi. Aprelin 29-da anamla bir yerdə Ağdam Rayon Məhkəməsinə gedib, Səidə ilə boşanma barədə ərizə verdim.
 
Mayın 2-də saat 14:30-da bibimoğlu Teymur zəng edərək Xəlilin Ağdam rayonunun Quzanlı qəsəbəsində olduğunu, evə gəldiyini dedi. Bir neçə dəqiqə sonra Səidənin atası zəng edərək Xəlilin qızını öldürdüyünü xəbər verdi.
 
Bundan sonra isə Xəlil zəng etdi, dedi ki, başını dik tut, uşaqlara yaxşı bax. O, kəndə gəlməyimi istədi, Səidəni öldürdüyünü, mənimlə görüşərək gedəcəyini dedi. Evə çatanda Xəlilin əlində qan ləkələri, belində də qara rəngli bıçaq olduğunu gördüm”.
 
Şahid qismində ifadə verən Camalın sözlərinə görə, Ağdam rayonunun kəndində arvadı ilə yaşayır: “Həm də taksi fəaliyyəti ilə məşğul oluram. Səidəni taksi sürücüsü kimi müxtəlif yerlərə aparmışam. Lakin onunla aramızda sevgi və ya başqa münasibət olmayıb”.
 
Lakin Camalın ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsində göstərib ki, Səidə ilə aralarında intim münasibətlər olub.
 
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlil 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər