“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
Kriminal
182
12:20, Bu gün

“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir.

Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötəngünkü iclas zərərçəkmiş Rəsul Həsənlinin ifadəsi ilə başlayıb.

Rəsul məsciddə könüllü xidmətçilik edib. Təqsirləndirilən şəxslə də ilk dəfə o görüşüb:

“Elşəni cəmi iki dəfə görmüşəm. Birinci dəfə gələndə dedi ki, imamla görüşmək istəyir. İmam məşğul olduğu üçün həmin gün görüşə bilməyəcəklərini dedim. Bir neçə gün sonra yenə gəldi. Dedi mən 12-ci imamam, təcili imamı görməliyəm. Ardınca imamın qapısını açmağımı tələb etdi. Mən razı olmadığımı bildirən kimi cibindən bıçaq çıxarıb üstümə hücum çəkdi. İlk zərbə qulağıma dəydi. Üzüm-gözüm qan oldu. İkinci dəfə də qarın nahiyəmdən vurdu. Artıq bununla baş edə bilməyəcəyimi bilib qaçdım”.

Zərərçəkmişin sözlərinə görə, Elşən məhz imamla görüşünə icazə vermədiyi üçün onu vurub. O, yaralı vəziyyətdə qaçanda Rəsulu söyüb, onu da, qardaşını da, imamı da öldürəcəyini deyib.

Dövlət ittihamçısını maraqlandıran birinci məsələ təqsirləndirilən şəxsin əvvəllər məsciddə ibadət etməyə gəlib-gəlmədiyi, bundan başqa hadisədən əvvəl özünü şübhəli aparıb-aparmamasıdır.

Zərərçəkmiş Elşəni əvvəl heç vaxt məsciddə görmədiyini bildirib. Hadisə günü isə onda bir narahatlıq hiss etməyib, normal biri kimi yaxınlaşıb.

Elşən Hüseynov zərərçəkmişin dedikləri ilə razılaşmayıb.

Proses şahidlərin ifadəsi ilə davam edib.

Şahid Elmira Əhmədova hadisə baş verən məscidin qarşısında dini mağazada satıcı işləyir. Zərərçəkmiş Rəsul Həsənli qulağından xəsarət alandan sonra onun mağazasına gəlib, kömək istəyib. Şahidin dediyinə görə, pəncərədən baxanda Elşənin də onun dalınca qaçdığını görüb:

“Rəsul qulağından qan axa-axa mağazaya girdi. Qanı kəsmək üçün kömək istədi. Çölə baxanda gördüm bir nəfər də əlində nə isə bir əşya mağazaya tərəf gəlir. Yüksək səslə söyüş söyürdü”.

Növbəti şahid Dəyanət Mehdiyev hadisədən bir neçə dəqiqə sonra ibadət etmək üçün məscidə gəlib. Həmin vaxt təqsirləndirilən şəxsi görüb. Üstü qan olduğu üçün ona yaxınlaşıb, nə baş verdiyini soruşub:

“Elə bildim bunu təkləyiblər. Yaxınlaşanda dedi ki, yaxın durma başın ağrıyar. Sonra qayıtdı ki, bəs mən sonuncu peyğəmbərəm. Bunu deyəndən sonra düşündüm ki, bu normal deyil. Uzaqlaşıb getdim”.

Məhkəmədə iştirak etməyən şahidlər də bənzər ifadə veriblər. Onların ifadəsi elan edilmiş hesab edilib.

Bu iş üzrə zərərçəkmişlərdən biri də “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətovdur. Şərbətov əvvəlki prosesdə ifadə verib.

Onun ifadəsini də əldə etmişik.

Şərbətov deyib ki, Elşən sonuncu hadisədən əvvəl onunla görüşmək üçün bir neçə dəfə məscidə gəlib. Çox israr etdiyi üçün bir dəfə onu qəbul edib:

“Dedi ki, uzun illər həbsdə olub. “İçəridə” olduğu müddətdə tüpürcəyini udmadan yerə tüpürdüyü üçün tam günahlarından təmizlənib. İsrar edirdi ki, ona vergi verilib və hazırda ən məsum imamlardan olan 12-ci imam Mehdidir. Məndən də tələb edirdi ki, onun 12-ci İmam Mehdi olduğunu hamıya elan edim. Söylədiklərinin müzakirəyə çıxarılacağını dedim. Bundan sonra çıxıb getdi. Onu ciddi qəbul etmədiyim üçün dediklərini heç kimə danışmadım. Üstündən bir neçə gün keçdikdən sonra bu hadisə baş verdi”.

Əli Şərbətov sonda imam kimi heç kimlə şəxsi qərəzi olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb. /Qafqazinfo/

Link kopyalandı!
Son xəbərlər