Bakıda 5 nəfər ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxsin ibtidai istintaqı davam etdirilir - YENİLƏNİB-2
Kriminal
4507
13 Feb 2024 | 20:15

Bakıda 5 nəfər ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxsin ibtidai istintaqı davam etdirilir - YENİLƏNİB-2

Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxsin ibtidai istintaqı davam etdirilir.
 
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
 
Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
 
19:24

Üç nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində üç nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

17:49

Bu gün Bakıda 59 nömrəli tam orta məktəbin direktoru Bikə Əhmədova və 2015-ci il təvəllüdlü oğlu Məhəmməd Əhmədovla birlikdə qətlə yetirilən Mehman Əhmədov sabiq məmur olub.

Bununla bağlı “Qaynarinfo” məlumat yayıb. 

Bildirilib ki, 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.

Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

17:37

Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.

APA xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.

Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Məmmədovu qətlə yetirib.

Hadisə barədə polisə qonşular məlumat verib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.

17:28

Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova məktəb direktoru olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub. 

 

17:05

Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
 
Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırma aparılır.
 

 

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər