Tərtərdə dəhşətli qətl: Ana-bacısı barədə şayiə yayan qonşusunu öldürdü – Şok təfərrüat
1508
26 Jul 2023 | 15:29

Tərtərdə dəhşətli qətl: Ana-bacısı barədə şayiə yayan qonşusunu öldürdü – Şok təfərrüat

Tərtər rayonunda 1988-ci il təvəllüdlü Əbülfət 1980-ci il təvəllüdlü həmyerlisi Şirvanı (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Əbülfət qonşusu Şirvanın anası və bacıları haqqında cəmiyyət arasında xoşagəlməz sözlər işlətməsindən təsirlənib. O, Şrivanla görüşərək aralarında yaranmış və bir müddət davam etmiş narazılığa son qoymaq üçün onu öldürmək qənaətinə gəlib.
 
Görüş zamanı Əbülfət bıçaqla Şirvana çoxsaylı zərbələr vurub. Şirvan aldığı zərbələrdən vəfat edib.
 
İstintaq orqanı tərəfindən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
 
“Ruhi xəstəliyim olmayıb”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət ittiham üzrə özünü təqsirli bilib.
 
O bildirib ki, anası Vəfa ilə birlikdə yaşayır: “Atam 1997-ci ildə vəfat edib. Anam xırda ticarətlə məşğul olsa da, özüm işləmirəm. 2005-ci ildə Tərtər şəhərində yerləşən orta məktəbi bitirmişəm. 2006-2007-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçmişəm.
 
Ruhi xəstəliyim olmayıb. Heç bir dispanser və ya xəstəxanada qeydiyyatda olmamışam”.
 
Təqsirləndirilən şəxs qeyd edib ki, Tərtər sakini Şirvanı əvvəllər tanıyıb: “Aramızda heç bir düşmənçilik və ədavət olmayıb. Qonşu kimi münasibət saxlamışıq, bir-birimizi görəndə salamlaşmışıq. Dərin münasibətlərimiz olmayıb.
 
Şirvan əvvəllər Ukraynada yaşayıb. Onun nə vaxt Bakı şəhərinə qayıtdığını bilməmişəm. Lakin tanışlarımdan Şirvanın Ukraynadan gəldiyini, Bakı şəhərində yaşayacağını eşitmişəm. Şirvanın hər ikisi xəstə olmaqla iki övladı var. Eşitdiyimə görə, övladlarını müalicə etdirmək üçün Bakı şəhərində yaşayıb.
 
Amma karantin vəziyyəti ilə əlaqədar Şirvan Bakı şəhərindən Tərtər şəhərinə - anasının yanına qayıtdı. Onun ailəsini də tanıyırdım. Şirvanın atası idman müəllimi, anası ədəbiyyat müəllimi, qardaşı isə bədən tərbiyəsi müəllimi işləyib”.
 
“Xoşagəlməz sözlər danışdığını hiss etmişəm”
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, onun Şirvanın ailə üzvlərinin heç biri ilə heç vaxt pis münasibəti olmayıb: “Bir qonşu kimi həmişə hörmətlərini saxlamışam. Lakin Şirvan karantin rejiminin elan olunması ilə əlaqədar Tərtərə qayıtdıqdan sonra ondan xoşagəlməz sözlər eşitmişəm. Mənim özüm və bacılarım haqqında bir çox Tərtər şəhər sakininin yanında nalayiq ifadələr işlədib. Ancaq konkret şəxslərdən heç nə eşitməmişəm.
 
Həmçinin çayxanada oturduğum zamanlarda Şirvanın ailə üzvlərim haqqında pis-pis sözlər danışdığını da eşitmişəm.
 
Cavan şəxslərin mimikalarından, onların mənə olan münasibətindən də Şirvanın barəmdə xoşagəlməz sözlər danışdığını hiss etmişəm”.
 
“Mən Tərtərin arxivin bilirəm”
 
Əbülfət bildirib ki, təxminən 2020-ci il martın sonlarında Şirvanı yaşadıqları ünvanın yanında görüb:
 
“Şirvana yaxınlaşaraq qonşu kimi salam verdim, söhbət etdik. Şirvana “qonşu, məndən sənə nə vaxtsa pislik gəlib? Mənim səninlə indiyədək düşmənçiliyim olub? Mən indiyə kimi sənin və ailən haqqında nə vaxtsa xoşagəlməz söz demişəm?” suallarını verdim.
 
Şirvan isə mənə “səndən belə şeylər eşitməmişəm” dedi. Bildirdim ki, bəs sən nəyə görə mənim və ailəm haqqında xoşagəlməz sözlər işlətmisən. Şirvan həmin vaxt “mən Tərtərin arxivin bilirəm” cavabını verdi. Daha sonra nalayiq formada dedi ki, nə demişəmsə, əlindən gəlir. Bu zaman Şirvanı yola verdim. Aramızda mübahisə yaranmasını istəmədim”.
 
“Dözə bilməmişəm”
 
Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə gün sonra yenidən Şirvanın onun və ailəsinin haqqında danışdığını eşidib: “Şirvanı hər dəfə görəndə ona düzgün hərəkət etmədiyini, bunun yaxşı hərəkət olmadığını bildirdim. O isə sözlərimə əhəmiyyət vermədi, haqqımda danışmağa davam etdi. Bu da mənim daxilimdə Şirvana qarşı kin yaratdı.
 
Barəmdə danışılan sözlərə görə artıq evdən çölə çıxmağa utanırdım və nə edəcəyimi bilmirdim. Şirvanı görəndə mənə kinayəli-kinayəli baxmasına dözməyib, yolumu dəyişirdim”.
 
“Mənə güldüyünü anlamışam”
 
Əbülfətin ifadəsinə görə, Şirvan Tərtər sakinləri ilə söhbət zaman onu görəndə əli ilə söhbət etdiyi şəxslərə göstərib gülürmüş: “Şirvanın barəmdə digərlərinə danışmaqla güldüyünü anlamışam. Mənim yaşadığım evin həyətində restoranı yerləşir. Restoranın torpaq sahəsi anama məxsusdur. Biz həmin restoranın təmir-tikinti işlərinə başlasaq da, təmiri başa çatdıra bilməmişik.
 
Tərtər şəhər sakini olan tanışım Vüsalla restoranın onun tərəfindən təmir edilməsi, işə başladıqdan sonra isə birlikdə işlətməklə bağlı razılığa gəlmişik. Vüsal mənimlə razılaşaraq restoranı təmir etdirdi”.
 
Təqsirləndirilən şəxs bildirib ki, açar onda olduğundan hər gün restoranı özü açıb və həmişə olduğu kimi restorandakı stol-stulları səliqəyə salmaqla məşğul olub: “Növbətu gün də eyni işləri gördüm, saat 10.00-da Vüsal restorana gəldi. Dayım oğlu Vüqar da ora gəldi, bir müddət oturduqdan sonra getdi.
 
Nahar saatlarında restoranda yeməyimi yedikdən sonra şəhərə çıxdım və bir az gəzdim. Təxminən saat 18.00-da yenidən restorana qayıtdım. Bu zaman digər dayım restorana gəldi, mənimlə söhbət etdikdən sonra getdi. Mən isə orada qaldım. Bir müddət sonra çölə çıxdım. Ancaq kimləri gördüyümü və kimlərlə söhbət etdiyimi xatırlamıram”.
 
“Qonşu olduğumuzu xatırlatdım”
 
Əbülfətin ifadəsinə görə, gecə mağazadan aldığı 2 ədəd spirtli “Go” adlı enerji içkisi içib və saat 00.30-da restoranı bağlayıb: “Restoranı bağlamazdan əvvəl çölə çıxdım, Şirvanı evlərinin qarşısında gördüm. “Qonşu, gəl söhbət edib çay içək” dedim. Şirvan isə “müştərilərin var, gedəndən sonra gələrəm” sözlərini söylədi.
 
Müştərilər getdikdən sonra restoranı bağlayıb, Şirvanın yaşadığı evin aralığına gəldim. Ona söhbət etməyi təklif etdim. Şirvan yaşadığı evə getdi, təxminən 20-30 dəqiqədən sonra evdən çıxdı. Onun evdən gec çıxması məndə şübhə yaratdı. Evdən bıçaq götürə biləcəyini fikirləşdim. Bu səbəbdən yaşadığım evə daxil olaraq bıçaq götürdüm və əynimdəki gödəkçənin sağ cibinə qoydum.
 
Şirvanla söhbət edə-edə yanaşı irəlilədik. Biz təxminən 20 dəqiqə söhbət edə-edə Tərtər şəhəri, Cavanşir küçəsi ilə getdik. Yol boyu ona qonşu olduğumuzu xatırladaraq dəfələrlə mənim və ailəmin haqqında xoşagəlməz sözlər danışmamasını xahiş etdim”.
 
“Nə qədər zərbə vurduğumu xatırlamıram”
 
Əbülfət qeyd edib ki, yolda bir neçə dəfə onların arasında mübahisə yaranıb və Şirvandan nə üçün bu qədər məsafə qət etdiklərini soruşub:
 
“Şirvan mənə söhbət edə-edə getdiyimizi bildirdi. Cavanşir küçəsinə çataraq bir qədər hərəkət etdikdən sonra asfalt yolun ortasında dayandıq. Saat 01.30 radələri olardı. Yolun ortasında mübahisə etdik. Şirvan mübahisə zamanı məni nalayiq söyüşlərlə təhqir etdi. Daha sonra yumruqla sol çənə nahiyəmə, ardınca təpiklə sol omba nahiyəmə vurdu. Əlini cibinə atdığını gördüm.
 
Məni bıçaqla vurmaq istədiyini düşündüyümə görə gödəkçəmin cibinə qoyduğum bıçağı dərhal çıxardım, ilk zərbəni Şirvanın kürəyinin sağ tərəfindən endirdim. Bıçaqla vurmazdan əvvəl onunla üzbəüz vəziyyətdə dayandım.
 
Şirvan mənə müqavimət göstərdi, ikimiz də müvazinətimizi itirərək yerə yıxıldıq. Bundan sonra əlimdə olan bıçaqla Şirvanın bədəninin müxtəlif nahiyələrinə daha bir neçə zərbə endirdim. Sonrakı zərbələri özüm yerdə olan zaman vurmuşam. Lakin konkret neçə zərbə endirdiyimi xatırlamamışam.
 
Zərbələr endirən zaman Şirvanın hələ ölmədiyini, nəfəs aldığını gördüm. Yolun ortasında qalmasını istəmədiyimdən sürüyərək onu sabiq bələdiyyə sədrinin həyətyanı sahəsinin barısının kənarına gətirdim. Otun üzərinə uzatdıqdan sonra oradan qaçdım”.
 
“Xəbərim olmayıb”
 
Təqsirləndirilən şəxs deyib ki, hadisəni törətdikdən sonra qaçaraq yaşadığı evə gəlib: “Saat təxminən 01.50 radələri olduğundan evdə hamı yatmışdı. Buna görə cinayət hadisəsi törətməyimdən ailə üzvlərimdən heç kimin xəbəri olmadı.
 
Lakin evə daxil olanda köhnə evimizin arxa tərəfində yerləşən yeni tikdirdiyimiz evin aralıq qapısından bacımı səslədim. Hamama girmək istədiyimi, mənə təmiz paltar verməsini xahiş elədim. Bacım da mənə paltar gətirdi.
 
Əynimdəki paltarlar üzərində qan ləkələri olduğundan bacımın məni görməməsi üçün qapının arxasında dayandım. Daha sonra bıçağın üzərindəki qanı silərək onu yeni tikdirdiyimiz yarımçıq tikilinin dəhlizində mişar daşlarının arasında gizlətdim.
 
Yuyunduqdan sonra paltarımı dəyişdim. Hadisə vaxtı əynimdə olan paltarları isə soyunaraq hamamdakı su ilə dolu vedrənin içərisinə atdım”.
 
“Cinayəti etiraf etdim”
 
Əbülfət deyib ki, hamamdan çıxdıqdan sonra həyətə bitişik olan restorana gedib: “Həyəcanlı olduğumdan və qorxduğumdan restoranda olan videomüşahidə aparatının kabellərini kəsdim. Aparatı özümlə götürdüm, yaşadığım evin həyətinə qoydum. Sonra isə evə getdim və otağımda bir az dincəldim.
 
Səhər anamla birlikdə bazara getdim. Saat 07.00-da restoranı açdım. Şirvanın qardaşı Vaqif və Zamin adlı şəxs də oraya gəldilər. Məndən Şirvanla birlikdə olub-olmamağımı soruşdular. Axşam Şirvanın məni çağırdığını, amma harada olmasını bilmədiyimi dedim. Onlar restoranın kamerasına baxmaq istədiklərini dedilər. Kameranın çoxdandır işləmədiyini söylədim.
 
Vaqif və Zamin həmin vaxt məni hədələdiklərindən nə edəcəyimi bilmədim. Buna görə də prokurorluğa təslim olmaq istədim. Lakin Zamin məni izlədiyi üçün qorxumdan tanımadığım şəxsə məxsus “VAZ-2106” markalı taksi ilə Bərdə şəhərində poçtun yanına getdim. Avtomobildən düşdüm və orada olan bankın arxa tərəfinə keçdim.
 
Bankın arxa tərəfində “Qaqaş” ləqəbi ilə tanıdığım Tərtər sakini mənə yaxınlaşdı. Onu görəndə qaçmağa başladım. Bankın qarşısında avtomobilə əyləşərək “Pojarninin kruqu” adlanan yerə getdim. Yenidən başqa bir maşına əyləşərək sinif yoldaşım Vasifin yaşadığı Bərdə rayonunun kəndinə yollandım.Vasifə qonşum Şirvanı öldürdüyümü etiraf etdim.
 
Vasif mənə təslim olmağı məsləhət gördü. Ona təslim olacağamı dedim. 30-40 dəqiqə birlikdə oturduq. Vasif anama zəng etdi və mənim gəlmək istədiyimi dedi. Anam isə özünün gələcəyini bildirdi.
 
Təxminən 30 dəqiqə sonra anam, dayım və dayım oğlu birlikdə gəldilər. Məni Tərtər rayon prokurorluğuna apardılar”.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Əbülfət 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər