Şirvanda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Coşqun İsmayılov paytaxt ərazisində saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs mağazaya qanunsuz daxil olaraq orada quraşdırılmış ödəmə terminalının kassa hissəsini kəsməklə içərisində olan 5694 manat pulu gizli yolla talayıb. Bundan sonra isə, o, izini itirmək üçün mağazada quraşdırılmış təhlükəsizlik kameralarının yaddaş qurğusunu da oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.