Bakının Xətai rayonunda qətl törətməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokuror Eldar Həmzəyev ittiham aktını elan edib.
İttihama görə, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Raminə Qəribovanı Əhmədli qəsəbəsində qətlə yetirib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, qətl hadisəni qısqanclıq səbəbi ilə törədib.
İstintaq sənədlərinə görə, İlqar Qəribovla keçmiş həyat yoldaşı Raminə Qəribova bibioğlu-dayıqızı olublar. Onların bir oğlu, bir qızı var.
Qətl hadisəsi baş verən zaman onların oğulları hərbi xidmətdə olub. Hətta 2022-ci ilin dekabrında hadisə baş verən vaxt Raminə Qəribovanın hərbi xidmətdə olan oğlu ilə telefonla danışdığı barədə də məlumatlar yayılıb.
İlqar Qəribov keçmiş arvadı ilə barışmaq istəsə də, Raminə Qəribova razılıq verməyib. Çünki onun səmimiyyətinə inanmayıb.
İstintaq orqanı tərəfindən İlqar Qəribovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.