Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə baxış iclası keçirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Məmmədov bildirib ki, qeyd olunan şəxslər həmin dövrdə korpus komandirinin müavini olmuş Fuad Ağayevin göstərişləri və kəşfiyyat bölüyünün hərbçiləri ilə birlikdə 1 may - 2 iyul (2017) tarixləri arasında Tərtərdə ön cəbhədə düşmənlə əməkdaşlıq və Vətənə xəyanət etdikləri görüntüsünü yaradaraq, bir qrup hərbçini qanunsuz sorğu-suala çəkib, onlara işgəncələr veriblər.
Həqiqətə uyğun olmayan ifadələr vermələri üçün müxtəlif avadanlıqlardan istifadə edərək fiziki və psixoloji zor göstəriblər.
İttihama görə, işgəncələr Tərtərdəki N saylı hərbi hissənin tərkibindəki inzibati binada, Bakı və Bərdə qarnizonlarının haupvaxtlarında, Ağcabədidə Sarıcalar kəndində və Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında verilib. İşgəncələr sorğu-sual edilən hərbçiləri qidadan məhrum etmək, qanunsuz saxlamaq, bədənləri üzərində xüsusi vasitələrlə ləyaqəti alçaldan hərəkətlər etmək, nəticə etibarilə fiziki və psixi sağlamlıqlarını itirmələrinə, cəmiyyətdən təcrid olunmalarına səbəb olub.
İttiham üzrə 4 nəfərin heç biri özünü təqsirli bilməyib.
Daha sonra ifadə verməsi üçün Vüsal Ələsgərova söz verilib.
“Mən 30 il zabit olmuşam, iki müharibə görmüşəm. Mənim kimi təcrübəli bir zabit bu cür böyük işi özbaşına görə bilməzdi. Mən tək bir şey deyəcəyəm və məhkəmənin sonuna qədər heç vaxt ifadə verməyəcəm. Mən Tərtər hadisələrində müdafiə nazirinin, Baş qərargah rəisinin, korpus komandirinin və Hərbi Prokurorluğun verdiyi göstərişləri icra etmişəm”, - sabiq briqada komandirinin sözləridir.
O, ifadə verməkdən imtina etdiyi üçün, istintaqa verdiyi ifadə elan olunub. Bu zaman məlum olub ki, Vüsal Ələsgərov 2017-ci ilin martından sentyabrına kimi Tərtər işgəncələrinin baş verdiyi hərbi hissənin komandiri olub. Daha sonra o, 3-cü ordu korpusu komandirinin müavini təyin olunub. 2018-ci ildə ehtiyata buraxılan V.Ələsgərov 2020-ci ildə Vətən Müharibəsi başlayan zaman könüllü olaraq orduya qayıdıb və hərbi hissə komandiri kimi müharibədə olub. 2021-ci ilin aprelində yenidən ehtiyata buraxılıb.
“Mən hərbi hissədə və postlarda olarkən bir sıra hərbçilərin intizamsızlığını gördüm. Onların düşmən qüvvələri ilə əməkdaşlıq etdiyindən şübhələndim. Bu barədə Hikmət Həsənova (o vaxtkı korpus komandiri) məlumat verdim. Həmin ərəfədə Hikmət Həsənov və Baş qərargah rəisi (red: Nəcməddin Sadıqovu nəzərdə tutur) iclas keçirdi. Nəcməddin Sadıqov görüşə onlayn qoşulmuşdu. Onlar ön xətdə düşmən qüvvələri ilə əməkdaşlıq edən şəxslərin müəyyən edilməsini tələb etdi. Hikmət Həsənov tapşırdı ki, düşmən postuna gedən cığırları, onlara rabitə məlumatlarını ötürən şəxsləri tapaq. O şübhəli şəxslərin əlləri və gözləri bağlı şəkildə göndərməyi bildirdi. Bəzən elə olurdu ki, Fuad Ağayev Hikmət Həsənovun adından göstərişlər verirdi. Mən də şübhəli şəxsləri deyilən formada deyilən yerə göndərirdim. Amma mən tapşırırdım ki, orada yalnız şifahi formada sorğu-sual olunsun. Həmin yer N saylı hərbi hissənin köhnə inzibati binası idi. Mən ora gedəndə bağırtı səsləri eşidirdim. Orada bir sıra yüksək vəzifəli şəxsləri də görmüşəm.
Respublika Hərbi prokuroru Xanlar Vəliyev, onun müavinləri Şəfahət İmranov, Rasim Kazımov, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general Zaur Ağayev, Şəxsi Heyət Baş İdarəsi rəisi general-mayor Rasim Əliyev, Nazirliyin Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayoru Hilal Nəcəfov, xüsusi təhqiqatlar idarəsinin rəisi Zahid Niftəliyev, polkovnik Babək Səmidli (korpus komandirinin müavini), polkovnik Ruslan Ağayev, N saylı hərbi hissənin komandiri Teymur Məmmədov, eləcə də hərbi prokurorluq orqanlarının əməkdaşları.
Hərbi Prokurorluq əməkdaşları, bizim hərbi hissənin rabitə xəttinin düşmənin rabitə xətti ilə birləşdirməkdə şübhəli bilinən hərbçiyə suallar verirdilər”, - V.Ələsgərov bildirib.
V.Ələsgərov ifadəsinin elanından sonra deyib ki, ona əmr verən birinci şəxslər və Nəcməddin Sadıqov məhkəməyə çağırılıb araşdırılmalıdır.
Sonra zərərçəkmişlər ona sual vermək istəyiblər. Hakim Zeynal Ağayev onlara bildirib ki, Vüsal Ələsgərov suallara cavab vermək istəmir.
Daha sonra Rəşid Niftəliyev və Ramil Qarayevə ifadə verməsi təklif olunub. Onlar ifadə verməkdən imtina ediblər. Buna görə də onların ifadələri elan edilmiş hesab olunub.
Rüstəm Ələsgərov isə ifadə verərək bildirib ki, kəşfiyyatçı MAXE olub:
“Mənim heç bir səlahiyyətim olmayıb. Tabeliyimdə yalnız bir silah olub. Amma mənə 7 nəfər zərərçəkmiş yazıblar. Onlardan 5 nəfəri həyatda olmayan şəxslərdir. Görüblər ki, atam, anam, qardaşım, bacım yoxdur, yetim adamam, onların günahını mənə yükləyiblər. Mən əsgər kimi mühafizə təşkil edən hərbçi olmuşam. Biz hərbi hissənin yaxınlığında meşədə dərsdə idik. Hərbi hissə komandirimiz Teymur Məmmədov bölük komandirimə zəng edib, məni və digər MAXE yoldaşımı təcili N saylı hərbi hissənin istifadə olunmayan binasına göndərməyi tələb etdi. Biz oraya gedəndə dedilər ki, binanın mühafizəsini təşkil edəcəksiniz. Qapıda durub içəri yalnız tapşırılan adamları buraxmalı idik. 2 gün orda, 3 gün isə Tərtər Hərbi prokurorluğunda mühafizədə oldum. Hərbi hissədə olanda oraya hərbçilər gətirirdilər. İçəridə qara maskalı şəxslər həmin adamlara işgəncə verirdilər. Bizə içəri keçməyə icazə yox idi. Bir dəfə dedilər ki, gəl, içəridəki şkafı çölə çıxar. İçəri keçəndə qan izləri gördüm. Bir hərbçi yoldaşımı gördüm, soruşdum ki, burada nə işin var? Dedi, guya düşmənə xəritə vermişəm, deyə şərləyiblər. Həmin vaxt qara maskalı şəxs gəldi, dedi ki, sən onunla nə danışırdın, deyəsən, sən də onun yanına getmək istəyirsən. Mən orada olanda bir nəfər özünü pəncərədən atıb öldürdü. Amma eşitmişdim ki, bu, tək hal deyil. İşgəncələrə dözməyib özünü atanlar var idi. Teymur Məmmədov hardadır, gəlib niyə cavab vermir? Mən adi əsgər olmuşam, bütün maddələri mənə yükləyiblər. İstintaqın haqqımda yazdıqları sadəcə nağıldır”.
Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.