Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun apelyasiya şikayətlərinə baxılacaq tarix məlum olub.
Şikayətə noyabrın 22-də, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Hökmdən narazı qalan təkcə Mövlam Şıxəliyev və suç ortaqları deyil. Ailə üzvləri də, dövlət ittihamçısı da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim ediblər.
Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar.
Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var.
Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apelyasiya şikayətlərində qeyd ediblər.
Zərərçəkmişlər vaxtilə MTN-də onlardan alınmış pulların geri qaytarılması tələbi ilə məhkəmə prosesinin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər.
Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını qismən təmin edib. Mülki iddialarının qismən təmin olunması zərərçəkənləri hökmdən narazı salan əsas məqamdır. Ümumilikdə isə onlar Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.
Eyni zamanda zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə ucuz qiymət qoyulub. Onlar alternativ ekspertiza təyin olunmsını da şikayətlərindən tələb edirlər.
Sabiq MTN-çilər barəsindəki cinayət dosyesində ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqdan və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.
2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulması ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşmaları və sübutları saxtalaşdırma ilə əlaqəli cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edilmişdi.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham elan olunmuşdu.
Cinayət işi üzrə 36 zərərçəkmiş var. Onlardan 3 nəfəri yolu MTN-dən keçəndən sonra xəstəlik taparaq dünyasını dəyişib. Zərərçəkmiş Cahangir Məmmədov isə intihar etməklə həyatına son qoyub.
“Yeni Müsavat”