Dəhşətli qisas:
3433
08 Sep 2022 | 14:32

Dəhşətli qisas: "Ev tapmırdın, gecə bizə gəlib anamla..." – ŞOK TƏFƏRRÜAT

Tərtər rayonunda 1995-ci il təvəllüdlü Salman 1986-cı il doğumlu həmkəndlisi Şükürü (adlar şərti verilib – red.) qətlə yetirib.
 
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, Salman ailə üzvləri ilə birlikdə 8 iyul 2012-ci ildə gecə saatlarında anası Könülü zorlamış və həbs cəzasını çəkib yenidən yaşadığı Tərtər rayonuna geri qayıtmış həmkəndlisi Şükürdən kəndi tərk eləməsini tələb edib.
 
Lakin Şükür bu tələblərə məhəl qoymayıb. Salman Şükürün onu alçaltdığını düşünüb və qətl niyyətini qətiləşdirib. 18 oktyabr 2021-ci ildə ov tüfəngi ilə Şükürün döş qəfəsi nahiyəsinə atəş açaraq onu qətlə yetirib.
 
İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
“Dedim, onu öldürəcəm”
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci ildə həmkəndlisi Şükür yaşadıqları evə gizlicə daxil olaraq bıçaqla anası Könülə hədə-qorxu gəlib, onu zorlayıb: “Şükür törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edildi, cəzasını çəkərək qurtardıqdan sonra isə kəndə qayıtdı. Tanışları vasitəsilə ona xəbər göndərib kənddən getməsini tələb etdim, amma tələbimə məhəl qoymadı, kənd ərazisində sərbəst gəzib dolaşmağa başladı. Bu hərəkətləri məndə qıcıq yaratdığı üçün dəfələrlə onu öldürmək haqda düşündüm. Lakin sonra fikrimdən daşındım”.
 
Salman qeyd edib ki, ailə üzvlərinə Şükürü öldürəcəyini deyib: “Bundan sonra atam Vahid Şükürün atasını çağıraraq oğlunu kənddən çıxarmağı tələb etdi. Lakin bunun da faydası olmadı”.
 
“Silahı ov etmək üçün almışdım”
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 18-də dostu Vəlinin mobil telefonuna zəng edərək evə çağırıb: “Oturub yeyib-içdikdən sonra Vəliyə torpaq sahəsinə baş çəkmək üçün məni "Dördyol İki" qəsəbəsi yaxınlığına aparmağını xahiş elədim. Biz yola çıxmamışdan əvvəl 2020-ci ilin sentyabrında Vəlinin qardaşından 500 manata aldığım “Vinchester” markalı ov tüfəngini avtomobilin arxa oturacağının altına, ayaqaltı hissəyə qoydum. Silahın qoyulmasını Vəli görmədi.
 
Həmin silahı həm erməni silahlı birləşmələrinin hücumlarından sonra ehtiyat üçün, həm də kənd ərazisində ov etməkdən ötrü almışdım”.
 
“Şükürü görəndə yadıma düşdü ki...”
 
Salman deyib ki, bundan sonra "Dördyol İki" qəsəbəsi istiqamətində yola düşüblər: “Biz bir qədər getdikdən sonra Yuxarı Qapanlı kəndinin çıxış hissəsində olan otlaq sahəsində bir nəfərin xırda buynuzlu heyvan otardığını gördük. Uzaqda olduğundan onun kimliyini müəyyənləşdirə bilmədik. Yaxınlaşanda həmin şəxsin Şükür olduğunu gördük və dərhal dostumdan avtomobili saxlamasını xahiş etdim.
 
Şükürü görən kimi silahın da maşında olduğu yadıma düşdü. Yaxşı fürsət yarandığını düşündüm. Lakin Vəliyə Şükürü gördüyümü bildirmədim. Vəli heç nədən xəbərsiz avtomobili saxladı.
 
Maşından düşərək arxa sərnişin oturacağının altına qoyduğum ov silahını götürdüm, Vəliyə maşınla bir az qabağa gedərək məni orada gözləməyi tapşırdım”.
 
“Təslim oldum”
 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, ov tüfəngi ilə Şükürə doğru gedib: “Qardaşı Əli təqribən 100 metr aralıda dayanmışdı.
 
Şükürə yaxınlaşaraq “sən ev tapmırdın, mənim evimə girirdin” - deyə soruşdum. Şükür isə “mən sənin evinə girməmişəm, nə olubsa keçmişdə qaldı” - cavabını verdi. Tüfəngi ona tuşladım, sinəsinə atəş açdım, Şükür yerə yıxıldı.
 
Vəlinin avtomobilinə doğru hərəkət edərək maşına əyləşdim və ondan məni hadisə yerindən uzaqlaşdırmasını xahiş etdim. Yolda qardaşım Mahmuda zəng etdim. Şükürü ov tüfəngi ilə vurduğumu bildirdim və qardaşımdan polisə zəng edərək hadisə ilə bağlı məlumat verməsini xahiş elədim.
 
Mahmuda polis əməkdaşlarını İsmayılbəyli meşəsinə gedən yolun yaxınlığında olan artezian quyusunun yanında gözləyəcəyimi dedim.
 
Qaraqoyunlu kəndindən çıxanda Vəlidən maşını saxlamağı tələb etdim. Maşından düşüb onunla sağollaşdım və getməsini xahiş etdim. Qaraqoyunlu kəndinin çıxışında yerləşən meşəyə getdim. Şükürü vurduğum ov tüfəngini ağacın altında gizlətdim. Qayıdanda polis əməkdaşlarının məni artezian quyusunun yanında gözlədiklərini gördüm. Onlara yaxınlaşaraq təslim oldum”.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Salman 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Link kopyalandı!
Son xəbərlər