“Baş verən bu olaya görə, 20 nəfər Qarabağ əlili icra hakimiyyətinin qarşısına gedərək, ikinci qrup əlili döyənlərin cəzalandırılmasını tələb edib. Yadigar Sadıqov və daha iki nəfər çayxanada həmin əlillə mübahisə edib, onu döyüblər. Həmin şəxsin vəziyyəti çox ağırdır. Polisin bu işdə hansı əli ola bilər axı. Ona heç bir tələ qurulmayıb. Döyülən adam ağır vəziyyətdə xəstəxanadadır”.
Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında Lənkəran Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov Müsavat başqanının müavini Yadigar Sadıqovun həbs edilməsinin siyasi sifariş olması barədə iddiaya münasibətində söyləyib. Polis rəsinin sözlərinə görə, burada heç bir siyasi sifariş yoxdur: “Bunlar Qarabağ əlilinə “kinişka” düzəltmək üçün pul alıblar. Bu da düzəlmədiyinə görə, mübahisələri düşüb. Nəticədə də bu olay yaşanıb. Hazırda Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb”.