Bakıdakı qumarxana və əxlaqsızlıq yuvaları kimlərin himayədarlığı altında fəaliyyət göstərir?
Kriminal
3940
16 Dec 2015 | 20:49

Bakıdakı qumarxana və əxlaqsızlıq yuvaları kimlərin himayədarlığı altında fəaliyyət göstərir?

Yüzlərlə insanı çirkaba salan bu cür obyektlərin fəaliyyətinə tezliklə xitam verilməlidir Otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri əhali arasında yoluxucu xəstəliklərin artmasına, mənəviyyatsızlığın baş alıb getməsinə, habelə digər problemlərin daha da genişlənməsinə şərait yaradır.


Son günlər istər Bakıda, istərsə də regionlarımızda kazinoların, qumarxana və əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. Bildiyiniz kimi, aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən bu tip obyektlərə qarşı mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirilir və qanunun tələblərini pozanlar cəzalandırılır. Buna baxmayaraq, Bakıda kazinoların və əxlaqsızlıq yuvalarının sayı günbəgün artmaqdadır. Qeyd edək ki, Azərbaycanda qumarxanaların fəaliyyəti rəsmi şəkildə qadağan edilib. Bununla belə, bu gün kazinolar sərrast və aşkar şəkildə fəaliyyətlərini davam etdirirlər. Belə ki, həmin qumarxanalar çayxana, restoran və digər adlar altında fəaliyyət göstərirlər. Bir sıra çay evlərində oyun qurğuları yerləşdirilib və qumar oynayan müştərilər bura axın edirlər. Həmin məntəqələrdən biri "Həzi Aslanov” metrosunun yaxınlığındakı "Günəş” çay evidir. Əldə etdiyimiz məlumatlara görə, kazino şəbəkəsinin arxasında yüksək rütbəli şəxslərdən biri dayanıb. Çayxanaya gələn müştərilərə çay, pivə və başqa içkilər verilir. Yəni çayxana adi qaydada işləyir. 

Ancaq onun digər hissəsində 7-8 kazino qurğusu yerləşdirilib və bura gələnlərin əksəriyyəti qumar oynamaq üçün müraciət edirlər. Açıq şəkildə gedən qumar oynamaq qaydaları çox sadədir. İlk növbədə, administratora 5 manat ödənilməlidir. Bundan sonra kompüter arxasına keçib istədiyin oyun növünü seçirsən. Burda uduş 10 manatdan başlayır və ən yüksək məbləğə qədər pul qazanmaq mümkündür. Kazino oynamağa gələnlərin sözlərinə görə, burada qurulan sistem olduqca mürəkkəbdir. Odur ki, hər gecə bu məntəqədə özündəndeyən oğlanlar var ki, 500-1000 manat uduzub gedirlər: «Obyekt sahibi gündəlik ən azı 2000-2500 manat qazanır. Burda elə sistem qurulub ki, nə etsən çox qazana bilməzsən. Kim tamahkardırsa, qazandığı pulların üstünə daha çox qoyub, təzədən uduzur. Gecə 1-dən sonra burda böyük məbləğdə qumar oynayırlar. Çoxları pulunu batırıb gedir». «Elmlər Akademiyası” metrosu yaxınlığındakı çayxanaların birində də qumar oynayırlar. Araşdırmalar göstərir ki, təkcə son bir ayda məhz kazino oyunlarında bütün hər şeyini uduzan 4 nəfər intihar məqsədi ilə özünə qəsd edib. Deyilənə görə, hazırda Bakıda 100-ə yaxın kazino fəaliyyət göstərir və həmin qumarxanalar bir neçə şəxsin nəzarəti altındadır. Gizli kazinolar əsasən Bakı və Xırdalan ərazilərində, habelə bir çox rayonlarda fəaliyyət göstərir. Məlumata görə, Bakıda hər ay milyonların dövr etdiyi qumar biznesinin yetərli hissəsinə "Qara Vəzir” kimi tanınan şəxs başçılıq edir. "Qara Vəzir” əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmilərdə kazino, qumarxana açır: «Buna misal olaraq Xətai rayonundakı bütün kazinoları, "Sahil”, "Nizami”, Əhmədli”, "Neftçilər” və digər metrostansiyaların ətrafındakı qanunsuz qumarxanaları göstərmək olar. Bundan əlavə "Qara Vəzir”in Xırdalanda da bir çox qanunsuz obyektləri fəaliyyət göstərir. 

Onun təkcə "Nizami” metrostansiyası qarşısında Cəfər Cabbbarlı 4 ünvanında, Əhmədlidə, "Bakı” kinoteatrının yaxınlığındakı, "Neftçilər»dəki poçtun arxasındakı kazinolardan hər ay 200 min manat gəlir götürdüyü bildirilir. Ümumilikdə isə bu şəxsin belə kazinolarının sayı 30-dan çoxdur. Bir neçə il əvvəl Vəzir Qaranizadə qumar biznesi ilə məşğul olduğu üçün həbs edilsə də, bir müddət sonra azadlığa çıxdı və yenidən sevimli işinə başladı. Hazırda "Qara Vəzir” özü daha çöx kölgədə qalsa da, bu obyektlərin demək olar ki, hamısına oğlu Tofiq Qaranizadə nəzarət edir. Belə gizli məntəqə sahiblərindən biri də "Yeraz Ramil” və ya "Ramil dayı” ləqəbləri ilə tanınan şəxsdir. Onun şəriki isə Rüfət adlı birisidir. Məlumata görə, "Yeraz Ramil” digər bir ləqəblə də tanınır. Özünü hüquq-mühafizə orqanlarına yaxın kimi təqdim edən bu şəxs Bakıda və bölgələrdə əksər qumarxanalara himayədarlıq edir. "Yeraz Ramil”in bir müddət əvvəl "Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı qələbə bu şəxsi Bakının qumar kralına çevirmiş olub.

 O, lotoxanaların və kazinoların fəaliyyətini günbəgün genişləndirir. Onun obyektlərinə misal olaraq paytaxtın Hüseynbala Əliyev küçəsi, 24 ünvanda fəaliyyət göstərən "Livan şaurması” adlı kafeni göstərmək olar. Ətrafda yaşayan sakinlərin şikayətindən sonra qumarxananın fəaliyyəti bir neçə gün dondurulsa da, bir neçə gün keçəndən sonra "Livan şaurması” yenidən fəaliyyətini bərpa etdi. Elə ki, axşam düşür, kafedə qumar oyunlarına start verilir. Qumarxananı işlədən şəxslər burda idmançı görkəmində şəxslər saxlayırlar. Hansısa problem yarananda həmin idmançıların gücündən istifadə edirlər. «20 yanvar» metrosunun yaxınlığı, Tbilisi prospektində Arzuman Muradlının idarə etdiyi qumarxana da Bakının ən iri gizli kazinolarından biridir. Buranın günlük dövriyyəsi 100 min manatdan yuxarıdır. Bu adamın şəhərin mərkəzində bir neçə restoranları da fəaliyyət göstərir. «Nərimanov» metrosunun yaxınlığında, Ağa Nemətulla küçəsində, daha dəqiq desəm, «Oksigen» klinikasının arxasında Çingiz adlı şəxsin himayə etdiyi, Rəfail və Elçin adlı ata-balanın işlətdiyi kazino da əsas obyektlərdən biridir. 6-cı mikrorayonda, Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən Zakir Rüstəmova məxsus "Kafe Həyat", «Gənclik» metrosunun yaxınlığında, «Caspian» Ticarət Mərkəzinin yanındakı qumarxana da bu qəbildəndir». Qumarxanalarla yanaşı, əxsaqsızlıq yuvalarının da sayında artım müşahidə edilməkdədir. Bakının ən məşhur pritonlarının sırasında daha çox "Vulkan”, «Ağ otel», "Qəbələ-Laza”, "Romi”, «Göyçə”, Nizami rayonunda yerləşən «Emerald» oteli, «Elit» Ticarət Mərkəzinin yaxınlığında fəaliyyət göstərən «Qrand» oteli, Xətai rayonundakı «Astoria Baku» oteli, "İron" oteli, «Cahargah» oteli, Sabunçu rayonundakı «Fidan» istirahət mərkəzinin adı çəkilir.

 Şübhəsiz ki, bu obyektlərin sərbəst fəaliyyətinə rəvac verən faktor əxlaqsızlıq yuvalarının fəaliyyətinə kifayət qədər nəzarət edilməməsi, daha doğrusu, bu məkanların kimlərsə tərəfindən himayə edilməsidir. Paytaxtın ayrı-ayrı yerlərində istirahət mərkəzləri üçün nəzərdə tutulan mehmanxanaların, otellərin, kafe və restoranların, motellərin başqa profillə fəaliyyət göstərmələri əhali arasında yoluxucu xəstəliklərin artmasına, mənəviyyatsızlığın baş alıb getməsinə, habelə digər problemlərin daha da genişlənməsinə şərait yaradır. Biz aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarından adları qeyd olunan qumarxana və pritonlara qarşı daha ciddi tədbirlər görmələrini xahiş edirik. Qanunsuz fəaliyyət göstərən kazinolar neçə-neçə ailələrə faciə yaşadıb, çoxları evdən pul, qızıl zinət əşyaları oğurlayıb aparıb qumarda uduzub. Qumarda evini, maşınını, bütün var-dövlətini uduzanlar da var. Əxlaqsızlıq yuvalarında isə mənəviyyatımız korlanır. Odur ki, bu tip obyektlərin fəaliyyətinə tezliklə xitam verilməlidir. Yazıda adı çəkilən bütün obyektlərin sahiblərinin mövqeyini dərc etməyə hazırıq. /xalqxeber.az/


Link kopyalandı!
Son xəbərlər