Yeni dəstək mexanizmləri qeyri-neft sektorunda dönüş yaradacaq? – Ekspertdən AÇIQLAMA
3104
17 Jun 2026 | 13:50

Yeni dəstək mexanizmləri qeyri-neft sektorunda dönüş yaradacaq? – Ekspertdən AÇIQLAMA

Ölkə rəhbərinin son fərmanları ilə ixrac logistikasına subsidiyaların ayrılması, kredit zəmanəti və faiz dəstəyi mexanizmlərinin regionlara yönəldilməsi, eləcə də gömrük xərclərinin kompensasiya olunması nəzərdə tutulur.

 Maraqlıdır, bu addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafına və yerli istehsalın ixrac potensialının artmasına nə dərəcədə təsir göstərəcək? Bu mexanizmlər sahibkarları yeni investisiyalara təşviq edəcəkmi?

Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib. 

Ekspert bildirib ki, bu tip fiskal və institusional dəstək mexanizmləri ümumilikdə düzgün dizayn edildiyi halda qeyri-neft sektorunun inkişafına real təsir göstərə bilər, amma nəticənin miqyası və sürəti onların icra keyfiyyətindən və biznes mühitində paralel islahatlardan çox asılıdır:

"İxrac logistikasına subsidiyaların verilməsi xüsusilə vacib addımdır, çünki Azərbaycanın əsas problemlərindən biri məhsulun daxili istehsal xərci deyil, onun xarici bazara çıxış xərcləridir. Nəqliyyat, sığorta, tranzit və logistika xərcləri yüksək olduqda, yerli istehsal beynəlxalq bazarda rəqabət qabiliyyətini itirir. Dövlət bu xərclərin bir hissəsini kompensasiya etdikdə, ixrac qiyməti aşağı düşür və məhsul daha rəqabətli olur. Bu, xüsusilə kənd təsərrüfatı, yüngül sənaye və emal sənayesi üçün mühüm üstünlük yaradır.

Kredit zəmanəti və faiz dəstəyi mexanizmləri isə maliyyəyə çıxışı asanlaşdırır. Azərbaycanda bir çox kiçik və orta sahibkarın əsas problemi ideya və ya bazar deyil, maliyyəyə çıxışdır. Bank kreditlərinin yüksək faizlə verilməsi və girov tələblərinin sərt olması investisiya qərarlarını məhdudlaşdırır. Dövlət zəmanəti bu riski azaldaraq bankları daha çox kredit verməyə, sahibkarları isə daha böyük layihələrə girməyə təşviq edə bilər. Xüsusilə istehsal və ixrac yönümlü sahələrdə bu mexanizm yeni layihələrin sayını artıra bilər.

Gömrük xərclərinin kompensasiyası isə istehsal zəncirində xammal və avadanlıq asılılığını nəzərə alaraq mühüm rol oynayır. Bir çox sənaye sahəsində yerli istehsal hələ tam inteqrasiya olunmadığı üçün xaricdən gətirilən xammal və texnologiya bahalı olur. Bu xərclərin qismən kompensasiyası məhsulun maya dəyərini azaldır və daxili istehsalı daha cazivədar edir".

Akif Nəsirli vurğulayıb ki, bütün bu mexanizmlər birlikdə götürüldükdə qısa və orta müddətdə qeyri-neft sektorunda müəyyən canlanma yarada bilər:

"Xüsusilə ixrac potensialı olan sahələrdə - aqrar sektor, qida sənayesi, tikinti materialları, yüngül sənaye və bəzi xidmət sahələrində artım müşahidə oluna bilər. Lakin burada əsas məhdudiyyət ondan ibarətdir ki, bu cür dəstək tədbirləri təkbaşına struktur problemləri həll etmir. Əgər məhsuldarlıq aşağı qalırsa, rəqabət mühiti zəifdirsə, məhkəmə və biznes mühitində qeyri-müəyyənlik varsa, subsidiyalar yalnız qısamüddətli stimullaşdırıcı effekt verir. Yəni bu mexanizmlər “yanacaq rolunu” oynaya bilər, amma “mühərrikin özünü” dəyişdirmir. Sahibkarların investisiya qərarları yalnız subsidiyalardan asılı deyil. Onlar əsasən uzunmüddətli sabitlik, bazarı proqnozlaşdırıla bilməsi, hüquqi təminat və gəlirlik səviyyəsinə baxırlar. 

Əgər bu elementlər güclənməzsə, dövlət dəstəyi olsa belə investisiya axını məhdud qala bilər. Digər mühüm məqam isə bu dəstəyin selektiv və şəffaf şəkildə həyata keçirilməsidir. Əgər subsidiyalar geniş və qeyri-effektiv şəkildə paylanarsa, bu, bazarda süni asılılıq yarada bilər. Amma düzgün hədəflənmiş, ixrac yönümlü və performansa bağlı mexanizm tətbiq olunarsa, bu, real sənaye və ixrac artımına səbəb ola bilər. Ümümiyyətlə, bu addımlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün müsbət siqnaldır və düzgün icra olunduğu halda sahibkarları yeni investisiyalara təşviq edə bilər. Lakin onların uzunmüddətli təsiri iqtisadi islahatların dərinliyi və biznes mühitinin ümumi keyfiyyəti ilə birbaşa bağlı olacaq".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər